Asif Əliyev: “İslam Həmrəyliyi İli”nin elan olunması Azərbaycanın dünyaya sülh çağırışıdır
13 fevral 2017, 01:52
Azərbaycan əsrlərlə müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu bölgədə yerləşməklə yanaşı, həm də mürəkkəb tarixi proseslərdə özünün İslam dəyərlərini qoruyan ölkə olub. Artıq 14 əsrdir ki, İslam və onun ali dəyərləri bütün dünya müsəlmanları kimi, azərbaycanlıları da sülh və ədalət ideyaları ətrafında birləşdirərək yalnız onların mənəvi inkişafına deyil, həm də ölkəmizdə elmin, ədəbiyyatın, memarlığın və mədəniyyətin, eləcə də digər sahələrin inkişafına böyük töhfələr verib. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi bütün dünyaya sülh çağırışı olmaqla yanaşı, həm də ölkəmizdə yüz illərlə qorunub saxlanılan bu tarixi nailiyyətlərin və mədəni dəyərlərin təbliği baxımından olduqca vacibdir.
Bu sözləri AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə nümayəndəsi Asif Əliyev deyib.
Vaxtaşırı bölgə sakinləri, dindarlar, həmçinin gənclərlə müəyyən görüşlərin keçirildiyini və onlarla müxtəlif mövzularda dini maarifləndirmə işlərinin aparıldığını deyən Asif Əliyev bildirib ki, DQİDK-nın bölgə üzrə fəaliyyəti Gəncə və Naftalan şəhərlərini, eləcə də Göygöl, Goranboy və Samux rayonlarını əhatə edir.
Dini qurumun rəsmisi qeyd edib ki, hazırda Gəncə şəhərində mövcud olan 14 məsciddən İmamzadə Ziyarətgahı Dini Kompleksi, Şah Abbas Cümə məscidi, Şahsevənlər, Qazaxlar və Qırıxlı məhəllə məscidləri təyinatı üzrə fəaliyyət göstərir. Balabağban, Şərəfxanlı, Ozan, Tatlar, Xəlfəli, Qızılhacılı, Mollacəlilli və Zərrabi məhəllə məscidləri isə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir.
Naftalanda 1, Samuxda 1, Goranboyda 9, Göygöldə isə 5 məscidin fəaliyyət göstərdiyini deyən Asif Əliyev bildirib ki, bu binaların hamısı dini təyinatlıdır və burada hər gün müsəlmanlar öz ibadətlərini yerinə yetirirlər.
Gəncə şəhəri Şah Abbas məscidində həftənin cümə günləri məzhəbindən asılı olmayaraq bütün müsəlmanların eyni vaxtda bir yerdə namaz qılıb, dua etdiklərini deyən Asif Əliyev ölkəmizdəki tolerantlıq ənənələrinin digər dövlətlər üçün də nümunə ola biləcəyini vurğulayıb.