Araxış sövməsi (XII-XIII əsrlər), Araxış kəndi
24 sentyabr 2022, 02:53

Araxış kəndi Qarabağ yaylasının cənub-qərb yamacında yerləşir. Kənd Kürdhacılı kəndi ilə Ərikli kəndi arasındadır. Kəndin ərazisində qədim qəbristanlıqlar, həmçinin qəzalı vəziyyətdə olan alban abidəsi Araxış sövməsi mövcud idi. Sövmə dəniz səviyyəsindən 1510-1540 metr yüksəklikdə yerləşir. Sövmənin tavanı çatma tağlarla tamamlanan günbəzli, bir nefli, mərkəz tipli bazilika formasındadır. Sövmə Sovet dövründə qeydiyyata alınsa da ərazisində heç bir arxeoloji qazıntı aparılmamışdır. Abidə qeyri-adi memarlıq quruluşuna malikdir. Kompozisiya və konstruksiya xüsusiyyətlərinə görə XII–XIII əsrlərə aid edilə bilər. Tikilinin planında bir apsidalı, nalşəkilli qurbangah mövcuddur. Tikinti zamanı alban memarlığı üçün səciyyəvi olan kobud yonulmuş, cilalanmamış daşdan, əhəng və qum qarışığından istifadə edilmişdir. Tikilinin ölçüləri; 12.30x5.20  metr, divarların qalınlığı 90 santimetrə qədərdir.Tikilinin ətrafında və ona yaxın ərazilərdə xristianlığa qədər və xristianlıq dövrünə aid edilən qədim qəbristanlıq mövcuddur. Qəbristanlıq ərazisində bir-birindən fərqli çox sayda qəbirüstü abidələr var idi. Onların xristianlıqdan əvvəlki dövrə aid od, günəş ay təsvirləri ilə zəngin idi. Sövmə işğal dövründə erməni ordusu tərəfindən məhv edilmişdir.