Amaras monastırı Qarabağda Qafqaz Albaniyasının ən mühüm dini və mədəni mərkəzlərindən biri olmuşdur. Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılan, Qafqaz Albaniyası dövrünə aid Amaras monastırı Muğan düzündə Amaras çayının sağ sahilində inşa edilmişdir. Monastır Xocavənd rayonunun Cütçü kəndində yerləşir. Cütcü kəndi Xocavənd rayonu Sos kənd inzibati ərazi dairəsində aid idi və 29 dekabr 1992-ci ilə qədər Maçkalaşen adlanırdı. 1992-ci ildən ölkənin bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə kəndin adı Cutcu kimi rəsmiləşdirilmişdir.
Amaras Albaniyanın ilk xristian məbədlərindəndir. Amaras abidəsi Qafqaz Albaniyası ərazisində erkən xristianlıq dövrünə aid ən qədim üçnefli bazilikadır. Arxeoloji tədqiqatların nəticələri təsdiq edir ki, Amaras monastırı IV əsrə aid qədim məbədin yerində, eyni memarlıq üslubuna kiçik əlavələr edilməklə X əsrdə yenidən inşa edilmişdir. Xristianlığın təbliğatçılarından olan IV Maarifçi Qriqori tərəfindən əsası qoyulmuşdur. IV əsrdən etibarən Qriqori Albaniyada, xüsusilə, Amarasın da daxil olduğu Haband vilayətində xristianlığı təbliğ etmişdir. Albaniyada xristianlığın dövlət dini olaraq formalaşdığı bir vaxtda
Amaras onun ilk fəaliyyət məntəqələrindən biri olub. Hələ IV əsrin əvvəllərində Amaras vilayəti Maarifçi Qriqorinin mülk torpağı idi. Daha sonralar monastır kompleksinə çevrilən Amaras Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuşdur Amaras monastırı haqda məlumat verən VII əsr müəllifi Musa Kalankatuklu Amaras şəhəri yaxınlığıında inşa edilmiş monastırın əsasının Haband vilayətində xristianlığı təbliğ edən Maarifçi Qriqori tərəfindən qoyulduğunu yazır. Antik müəlliflərin verdiyi məlumata görə Amaras da daxil olmaqla Haband vilayəti Qriqoriyə məxsus idi. O, burada xristian kilsəsinin əsasını qoymuşdur. Onun nəslindən olan Müqəddəs Qriqoris təxminən 325-330-cu illər arasında Albaniyanın ilk katolikosu təyin edilmişdir. Kalankatuklu yazır ki, hələ on beş yaşında ikən gənc Qriqoris Albaniyanın yepiskopluq mənsəbinə layiq görülmüşdü. Məskutlar ölkəsində xristinalığı təbliğ edərkən 337-ci ildə şəhid edilən Qriqorisin nəşini şagirdləri tapıb Haband vilayətinin Amaras şəhərinə gətirmiş və orada ulu babası Qriqorinin tikdiyi kilsənin içində dəfn etmişlər. Alban salnaməçisi yazır ki, Müqəddəs Qriqoris kilsənin şimal tərəfində yerləşən sovmədə əbədi rahatlığını tapdı (Kalankatuklu, I k. f.30).
Tədqiqatlar Amaras məbədinin hələ xristianlıqdan öncə də böyük dini mərkəz olduğunu göstərir. Antik mənbələrdə Amaras şəhərinin adı Amare şəklində qeyd olunmuşdur və bu şəhərdə Ay məbədi olduğundan bəhs edilir (Страбон, XII, s.522). 1968-ci ildə Qarabağ abidələrini tədqiq etmiş Azərbaycan arxeoloqu Rəşid Göyüşov Amaras məbədi ərazisində apardığı qazıntılar zamanı burada qədim məbəd yerini təsbit etmişdir. Amaras məbədinin ətraf abidələrin hamısından daha qədim olduğu qənaətinə gələn arxeoloq monastır ərazisinin hələ xristianlığın yayılmasından əvvəl də kahinlərin yaşadığı böyük dini mərkəz olduğunu yazır (Göyüşov, 1970, s.62; Göyüşov, 1975, s.27). Arxeolaq Amaras məbədindən ellin mədəiyyəti üçün səciyyəvi olan sütunaltlıqları, artefaktlarla yanaşı eranın I əsrinə aid məbəd qalıqları aşkar etmişdir (Göyüşöv, s.38). Bu qədim məbəd e.ə.II əsrdən etibarən dini ibadətgah yeri olmuşdur. Günbəzli bazilika formasına malik məbədin planı, IV əsrə aid qədim məbədin planını kiçik əlavələrlə təkrar edir. Amaras məbədi yaxınlığındakı dağın zirvəsində aşkar edilmiş, yalnız bünövrə hissəsinin qaldığı Şendağ məbədinin qalıqları da antik dövrə aid edilir (Göyüşov, 1975, s.50).
Amaras məbədinin xristianlıqdan öncə də yerli əhalinin ziyarət yeri olduğunu yazılı mənbələr, həmçinin etnoqrafik tədqiqatlar da təsdiq edir. Ziyarət dağı və Müqəddəs dağ kimi qədim alban inanc yerlərinin yaxınlığında yerləşən Amarasla baglı VII əsr alban müəllifi Kalankatuklu yazır ki, çox qədim dövrlərdən, min illər öncə də sonsuzlar, qızdırmadan əziyyət çəkənlər Amaras kilsəsini ziyarət edər, müqəddəslərin nəşi olan yerdən torpaq götürər və şəfa tapardılar (Kalankatuklu, I k, X f.). Bu monastırın özəlliyi ondan ibarət olmuşdur ki Qafqaz Albaniyası ərazilərin də İslamın yayılmasından sonra da xalq arasında, həm xristian, həm də müsəlman əhali tərəfindən müqəddəs yer, ziyarətgah kimi qəbul edilmişdir. XIX əsr müəllifi Barxudaryan yazırdı ki, məbəddə minbərin (altar) altında qədim bir məzar yeri olmuşdur. Bu, Qafqaz Albaniyasının yarıəfsanəvi ilk patriarxı, katolikosu olmuş Maarifçi Qriqorisin qəbir daşı idi. Qriqorisin məzar daşının olduğu bu yer xalq arasında əsas və qədim ziyarətgah sayılırdı. Ziyarətgaha həm xristian, həm də müsəlman əhali gəlirdi. Hətta ən ucqar kəndlərdən bura azərbaycanlılar gəlirdi. XX əsrin əvvəllərində bölgədə aparılan etnoqrafik tədqiqatlardan məlum olur ki, Amaras məbədində Maarifçi Qriqorisin qəbir daşının durduğu yer kilsənin əsas müqəddəs yeri sayılırdı.
Yerli əhali inancından asılı olmayaraq Qafqaz Albaniyasının yarıəfsanəvi ilk patriarxının (katalikos) qəbir daşının olduğu Amaras məbədində qızdırmalı xəstələr, sonsuz qadınların şəfa tapdığına inanmaqda idilər. Əhali arasında müqəddəslərin cəsədlərinin basdırıldığı yerdən torpaq götürən xəstələrin şəfa tapacağına inam qalmaqda idi. Hətta Qarabağ əhalisi arasında Amaras torpağının münbitliyi çox zaman burada Qriqorisin dəfn edilməsi ilə əlaqələndirilmişdir (Göyüşov, 1975, s.23). Məbədin minbərinin altında, minbərə şaquli qoyulan böyük daş plitə əsas ziyarət yeri idi. Məbədin içərisində və girişində xoruz kəsərdilər. Məbədin içində olan qəbir daşında çoxlu şam qalıqları, kəsilən xoruzların lələkləri vardı (Ямпольский, 1962, s.228). Ətraf ərazinin əhalisi bazar günləri bu dərəyə gələr, qurbanlar kəsər və ibadət edərdi. Bura gələnlər xoruz kəsməklə yanaşı sütunaltı daşın üzərinə başlarını qoyub yatardılar. Bu qədim ziyarətgaha daha çox gələcəkdən xəbər tutmaq istəyənlər gələrdi (Ямпольскии, 1962, s.35).
Amaras məbədi 1992-1993-cü illərdə Qarabağın işğalınadək yerli əhalinin ziyarət yeri olmuşdur. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən ziyarət edilən ən müqəddəs məbədlərdən biri olmuşdur. Amaras monastırı memarlıq quruluşuna görə Qafqaz Albaniyası ərazisində erkən xristianlıq dövrünün ən qədim üçnefli bazilikasıdır. Arxeoloji tədqiqatlar əsasında Amaras məbədinin IV əsr, X əsr, XIX əsr olaraq üç əsas inşaat mərhələsi müəyyən edilmişdir. Çoxsaylı inşaat, dağılma və yenidənqurma işlərinə baxmayaraq müasir məbəd binası öz ilkin formasını müəyyən qədər saxlaya bilmişdir. Qeyd etmək lazımdır ki, V əsrdə çoxsaylı məbədlər inşa etdirmiş Albaniya hökmdarı III Mömin Vaçaqan (487-510) yeni kilsələrlə yanaşı köhnə məbədləri də bərpa etdirmişdi. Amaras belə məbədlərdən idi.
IV-V əsrlərdə Qafqaz Albaniyasında Sasani işğallarının davam etdiyi dövrdə xristianlıq təqib edilir, alban məbədləri dağıdılırdı. Qafqaz Albaniyasında missionerlik fəaliyyətinin sonunda Müqəddəs Qriqoris də belə təqiblər nəticəsində öldürülmüşdü. Onun tələbələri din xadimini babasının əsasını qoyduğu Amaras məbədinin içərisində gizli bir yerdə dəfn etmişdilər. Kalankatuklu yazır ki, Qriqorisin dəfn edildiyi yer heç bir işarə ilə qeyd olunmamışdı, çünki tələbələri qorxurdular ki, ya quldurlar cəsədi məhv edər, ya da başqaları onu götürüb ayrı yerdə basdırarlar.
V əsrin sonlarında Alban kilsəsinin çiçəkləndiyi III Vaçaqanın dövründə Amaras kilsəsi də digər alban kilsələri kimi bərpa edilir. Bərpa zamanı III Vaçaqanın əmri ilə kilsənin əsasını qoymuş Müqəddəs Qriqorisin Sasani hökmranlığı dövründə kilsə ərazisində gizlədilərək yeri unudulmuş cəsədi aşkar edilmişdir. Mənbələrin verdiyi məlumata görə, alban çarı III Vaçaqan Müqəddəs Qriqorisin qəbri üstündə bir sovməə tikdirib ona “Müqəddəs Qriqoris sovməsi” adını verdi.
Amaras monastır kompleksi IX əsrdən sonrakı yüzilliklərdə də dəfələrlə təmir edilmişdir. X əsrdə Ərəb xilafətinin zəifləməsilə Amaras monastırı da digər alban məbədləri kimi yenidən bərpa edilərək alban memarlıq ənənələrinə xas şəkildə genişləndirilmişdi. X əsrdə məbədin yenidən inşa edildiyini arxeoloji qazıntıların nəticələri də təsdiq edir (Göyüşov, 1975, s.45)
X-XIII əsrlər boyu Amarasın həyatında əsaslı bir dəyişiklik baş verməmişdir. Lakin XIII əsrdə, Azərbaycan ərazilərinin monqol yürüşlərinə məruz qaldığı zaman, Amaras şəhəri də monqollar tərəfindən dağıdılır. 1223-cü ildə Amaras monastırı monqollar tərəfindən talan edilərək xəzinəsi ələ keçirilmişdi. Monqolların qənimət kimi ələ keçirdiyi qiymətli əşyalar arasında monastırda IV əsrdən saxlanan Müqəddəs Qriqorisin əsası və qiymətli daşlarla bəzədilmiş böyük qızıl xaçı da olmuşdur. Bundan sonra monastır inzibati və siyasi əhəmiyyətini itirsə də, dini ibadətgah olaraq fəaliyyətini davam etdirmişdir.
Amaras monastırında vaxtilə mövcud olmuş kitabədən məlum olur ki, XIII əsrdə Amarasda Cəlal Dövlənin istəyilə Müqədddəs Qiqorisin şərəfinə bağ salınmışdı (Göyüşov, 1975, s.24). Yarım əsr sonra, 1387-ci ildə Amaras yenidən Əmir Teymurun yürüşlərinə məruz qalır və XIV əsrdən məbəd dağılaraq öz möhtəşəmliyini itirir.
1836-cı ildə Alban katolokosluğunun ləğvindən sonra bütün alban kilsələri kimi Amaras monastırı da dağılmağa başladı. 1836-cı ildən sonra ciddi dağıntılara məruz qalmış bina 1858-ci ildə köhnə özüllər üzərində yenidən inşa edilmişdir. Kompleks bugünkü görkəmini XIX əsrdə almışdır. Amaras monastırının yenidən qurulması zamanı inşaatçılar divar hörgüsündə istifadə edilmiş köhnə məbədə aid relyefli və epitafiyalı daşlar istisna olmaqla əvvəlki məbədin memarlıq kompozisiyasını, məbədin interyer və eksteryer dekorunu tamamilə dəyişdirmişlər. Məbədin içindəki Qriqorisin qəbir daşı dağıdılmışdır. 1898-ci ildə kilsənin şimal nefində Müqəddəs Qriqorisin yeni məzar daşı yerləşdirilmişdir.
Beləliklə, 1858-ci ildə erməni Qriqoryan kilsəsi tərəfindən monastırda aparılan yenidənqurma nəticəsində bu qədim alban abidəsi tamamilə saxtalaşdırılmış, abidənin qədim kitabələri, o cümlədən monastır ərazisindəki 925-ci ilə aid stella məhv edilmişdir. Kilsənin qərb fasadındakı portalın timpanı və onun üzərində yerləşən kiçik pəncərə yeri relyefli daşlarla əhatə edilmiş, frontonun altında isə xaç yerləşdirilmişdir. Kilsənin digər divarları demək olar ki, dekordan məhrum edilmişdir (Мамедова, 2004). Bütün bunlar 1836-ci ildə Alban Həvari Kilsəsinin Rus Sinodu tərəfindən ləğvinin, Amaras monastırının da digər alban monastır və kilsələri kimi Erməni Qriqoryan kilsəsinin tabeliliyinə verilməsinin nəticəsi idi. 1836-cı ildə alban katolikosluğunun ləgvindən sonra Eçmiədzin bütün alban kilsələri kimi Amaras monastırını da saxtalaşdıraraq erməniləşdirmək niyyətində idi.