Kolatağ kəndi ərazisində Böyük Aran monastırı (IX əsr) ilə yanaşı XII-XIII əsrlərə aid edilən daha bir alban tarixi-memarlıq abidəsi mövcuddur. Monastır Kolatağ kəndindən 8 km aralıda böyük təpənin ətəyində inşa edilmişdir. Bu monastır Kolatağda yerləşən Böyük Aran monastırından fərqli olaraq sadə dizayn və plan tərtibatına malikdir. Kompleks ərazisindəki çoxsaylı xaçdaşlar yüksək bədii, etnoqrafik və tarixi dəyər daşıyır. Ümumilikdə monastır ərazisindən XII-XIII əsrlərə aid iyirmi beş kitabə aşkar edilmişdir. Kitabələr 1179, 1181, 1186, 1191, və 1194-cü illərə aiddir. Kilsənin altar hissəsindəki kitabənin inşa tarixi 1265-ci ilə aiddir.
Kompleks qala divarları ilə əhatə olunmuş üç kilsə binasından ibarətdir. Hasarın içində su hovuzu, həmçinin su ötürmə sisteminin izləri müşahidə edilib. Monastır həyəti iki hissəyə bölünür. Həyətin şimal hissəsində üç kilsə və onlar üçün ümumi olan üçtağlı narteks-sovmə binası yerləşir. Kompleksin şimal divarına bitişik yarıdağılmış vəziyyətdə olan düzbucaqlı tikilinin qədim yeməkxana olması güman edilir.
Şimal-qərb tərəfdə rahib hücrələri və digər xidməti tikililərin qalıqları vardır. Onların arasında yaxşı vəziyyətdə dövrümüzə çatmış atlı relyef təsvirinə malik bir neçə xaçdaş olmuşdur. Kompleksdən şərqdə orta əsrlərə aid geniş məzarlıq vardır.
Kompleksin ən cənub hissəsində yerləşən böyük kilsənin tağtavanı uçsa da, divarları yaxşı saxlanmışdır. Kilsənin inşaat texnikası, əksər alban kilsələrinin inşaat texnikasına uyğundur. Divarların hörgüsündə kobud yonulmuş çaydaşlarından istifadə olunmuşdur. Cilalanmış daşlardan isə yalnız kilsə altarının inşasında istifadə edilmişdir.