Alban məbədi (1065-ci il), Çanaqçı kəndi
10 may 2015, 01:02

Çanaqçı kəndindən azərbaycanlılar erməni separatçıları tərəfindən hələ 1989-cu ildən qovulmuşdular. Çanaqçı 1992-ci ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuş, 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvələri tərəfindən azad edilmişdir.

Çanaqçı kəndi tarixən Qarabağın beş alban məlikliyindən biri olan Vərəndə məlikliyinin mərkəzi olmuşdur. Çanaqçı kəndində iki alban məbədi mövcud olmuşdur. Məlumatlardan aydın olur ki, Vərəndə məlikləri Çanaqçı kəndindəki qədim alban məbədinin yerində Məlik-Şahnəzər nəslinin sərdabələri olan monastır tikdirmişlər. Müəllif yazır ki, Çanaqçı kəndindən olan Vərəndə məliyi Məlik Şahnəzərin oğlu  burada kilsə inşa etdirmişdir.

Çanaqçı kəndinin cənub-qərbində, sıldırım qayalıq ərazidə yerləşən Bakirə Məryəm kilsəsi tarixi-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.  Vaxtilə qərb tərəfdən abidəni əhatə edən qala divarlarının dövrümüzə yalnız divar və qüllə xarabalıqları qalmışdır.

Məbədin inşa tarixi 1065-ci ilə aid edilsə də, kilsənin yerində V-VII əsrlərə aid bazilika formalı qədim tikili olduğu müəyyən edilmişdir. Bakirə Məryəm kilsəsinin giriş portalının tağında yazılmış daş kitabədən bu qədim kilsənin fundamenti üzərində XVII, XVIII əsrlərdə də yeni kilsə inşa edildiyi məlum olur. Yeni kilsənin inşasında qədim tikili qalıqlarından geniş istifadə edilmişdir. Kilsənin divar hörgüsündə qədim tikilinin memarlıq elementləri ilə yanaşı qədim məzar daşlarından da istifadə olunmuşdur.

Qədim kompleksin yerində tikilmiş kilsənin uzunluğu 11 metr, eni 9 metr və hündürlüyü 7 metrdir. Planda xaçvari formaya malik olan kilsə 11 metr uzunluğa, 9 metr enə və 7 metr hündürlüyə malikdir. İbadət otağında zalın tağtavanı gözəl pilonlar, tağlar üzərində dayanır. Kilsənin qərb tərəfində giriş qapısı vardır. Cənub divarında iki, şərq divarında isə üç pəncərə yeri vardır. Kilsənin narteksi planda kvadrat formaya malik olmaqla, 6 metr uzunluğa və 9 metr enə malik tağtavanlı tikilidir. Kilsənin narteksi Məlik Şahnəzər sülaləsinin ailə məqbərəsi kimi istifadə olunmuşdur. Burada həmin sülalədən Mirzə, Hüseyn kimi alban məlikləri və onların həyat yoldaşlarının da məzarları var.

Bu qədim alban məbədi əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud yonulmuş yerli qaya daşından tikilmişdir. Kilsənin interyeri də müxtəlif ölçülü çoxaylı xaçdaşları ilə zəngin olmuşdur. Tikilinin cənub fasadını bəzəyən 2x1 metr ölçülərə malik üç qədim xaçdaş dövrümüzə ciddi zədələr və dağıntılar alaraq çatmışdır. Təəssüflər olsun ki, ermənilər bu zəngin ornamentli xaç daşlarının üzərində olan yazıları  silmişlər. Bu xaç daşlar özündə qədim Alban tarixinin izlərini saxlamaqda idi. Bu gün ermənilər tərəfindən kilsənin bütün qədim yazıları tamamilə silinərək yeniləri əlavə edilmişdir.