Kilsə Laçın rayonunun Mirik kəndinin qərbində sal daşlar üzərində inşa edilmişdir. Məbədin divar daşı üzərində tikilmə tarixi 1655-ci il yazılmışdır. Alban memarlığının nadir nümunələrindən olan bu məbəd üçnefli bazilikadır. Bazilikanın uzunluğu 20,60 metr, eni 12 metr, divarın qalınlığı 1,55 metrdir. Abidənin tikintisində əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yerli pud daşlardan və əhəngdən istifadə olunmuşdur. Binanın yeganə çıxış qapısının ətrafı və cənub fasadı zəngin ornamet və oymalarla bəzədilmişdir. Abidənin interyerində daş üzərində günəş saatı formalı ornamet oyulmuşdur. Bazilikanın daxili içəriyə tərəfdən genişlənən 6 pəncərə vasitəsi ilə işıqlandırılır. Binanın daxili sütunları bərabər məsafədə dairəvi şəkildə yerləşdirilmişdir. Tağ daşlarının çıxıntıları binanın künc daşlarına qədər uzanır.
Abidə sovet dövründə kəndin anbarı, sonralar isə kənd mədəniyyət evi kimi fəaliyyət göstərmişdir. Bu ərazilər 1992-ci ildən 2020-ci ilədək Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuşdur. 2006-ci ildə Ermənistan hökuməti bu abidəyə də qeyri-qanuni olaraq erməni kilsəsi statusu vermişdir.