Sentyabrın 10-da Ağsu şəhəri “Nuran Xatun” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsinin təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Öncə DQİDK-nın sifarişi ilə hazırlanan “Dəmir yumruq” sənədli filmİ nümayiş etdirilib.
Çıxışlar zamanı Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazanması və torpaqlarımızın azad olunması qeyd edilib. Çıxış edənlər, həmçinin Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu və bu keyfiyyətlərin Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadığını diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.