Ağsuda “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusu müzakirə edilib
29 avqust 2024, 04:15

Avqustun 28-də  Ağsu şəhəri “Nuran Xatun”  məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsinin təşkilatçılığı ilə Sülh aylığı çərçivəsində “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, eləcə də din xadimləri və dini icmaların nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı dinlərarası tolerantlıq və millətlərarası harmoniya ideyalarının təbliği, tolerantlığın sülhün təşkilində rolu, cəmiyyətin inkişafında konfessiyalararası dialoqun əhəmiyyəti, gənclərin dini savadının artırılması məsələlərinə də toxunulub. Həmçinin, tolerantlığın hər bir vətəndaş cəmiyyətinin dəyər və norması olması haqqında da geniş məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.