Oktyabrın 10-da Ağsu şəhəri 3 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin (DQRGİİ) Ağsu rayonu üzrə Gənclər və İdman sektoru və Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, DQRGİİ Ağsu rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı Təhmasib Məhəmmədhüseyin, RPŞ-nin əməkdaşı Ağacan Əlabbasov, müəllimlər və şagirdlər iştirak ediblər.
Natiqlər dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıblar. Bu bəlaya düçar olan şəxslərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu vurğulayan çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğu diqqətə çatdırılaraq, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışılıb, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Maarifləndirici tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.