İyunun 5-də Ağstafa şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsinin və Ağstafa şəhər “İmam Əli” dini icmasının birgə təşkilatçılığı ilə “Qurban bayramı və dini həmrəylik: İslamın yardımlaşmağa verdiyi dəyər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, Komitənin əməkdaşları, Ağstafa şəhəri “İmam Əli” adına “Cümə” məscidinin icma sədri və imamı Şahin İsmayılzadə, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə dini bayramların hər il yüksək səviyyədə keçirildiyi qeyd olunub. Bildirilib ki, dövlət və cəmiyyətin birgə səyləri nəticəsində milli-mənəvi və dini dəyərlərimiz qorunub saxlanılır, inkişaf etdirilir və bu dəyərlər ölkəmizdə sabitliyin, həmrəyliyin, bərabərliyin və tolerantlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.