Ağstafada "Bayrağımız qürur mənbəyimizdir" mövzusunda tədbir keçirilib
06 noyabr 2024, 03:02

Noyabrın 5-də Ağstafa rayonu Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbində "Bayrağımız qürur mənbəyimizdir" mövzusunda tədbir keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayon sektorunun müdiri Turan Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Natiqlər Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzin – dövlət bayrağının milli dövlətçiliyin varlığını, xalqın iradəsini ifadə edən atributlardan biri olduğunu söyləyiblər. Çıxışlarda hər bir Azərbaycan vətəndaşının bayrağımıza ehtiram göstərdiyi, bunu özünün müqəddəs borcu kimi qəbul etdiyi vurğulanıb.