Ağdaşda Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib
25 may 2017, 04:43
Mayın 25-də Ramazan ayının başlanması ilə əlaqədar olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Ağdaş rayonu  Hacı İsmayıl məscidində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Tural Ələkbərov, Ağdaş rayon Hacı İsmayıl məscidi dini icmasının sədri və Şirvan bölgə qazısı Əli Məmmədov, Ağdaş rayonunda yerləşən dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Şirvan bölgə qazısı Əli Məmmədov Ramazan ayının başlanması ilə bağlı verilən fətvadan, müqəddəs ay ərzində keçiriləcək tədbirlər barədə məlumat verib. Əli Məmmədov çıxışında bildirib ki, qarşıdakı ay boyunca  QMİ-nin xüsusi təqviminə riayət olunması üçün din xadimləri diqqətli olmalı və müvafiq orqanlarla mütəmadi fikir mübadiləsi aparmalıdırlar.
Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Ramazan ayı da daxil olmaqla istənilən dini bayramların və dini mərasimlərin həyata keçirilməsi üçün dövlətin yaratdığı şəraitdən bəhs edib, dindarların və din xadimlərinin müvafiq qanunvericiliyin tələblərinə riayət edəcəklərinə əmin olduğunu bildirib. Bununla bağlı Natiq Əfəndiyev dini ayinlərin yerinə yetirilməsi ilə bağlı “Dini etiqad azadlığı haqqında” və digər qanunlar barədə, o cümlədən “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət qaydaları”  və digər qanunvericilik aktları barədə tədbir iştrakçılarına məlumat verib.
Natiq Əfəndiyev, həmçinin DQİDK sədri Mübariz Qurbanlının KİV-lərə verdiyi “Evlərdə Quran kursu yaratmaq olmaz” açıqlamasını dindarların diqqətinə çatdırıb və kənardan ümumi islami dəyərlərə xələl gətirən, zərbə vuran cərəyanların və xurafat meyillərinin Azərbaycana istənilən yolla  ayaq açmalarının qarşısını almaq üçün mübarizə aparmağın labüd olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.