İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə üzrə qazılığının birgə təşkilatçılığı ilə Ağdaş rayonunda “Qurban bayramı və dini həmrəylik: İslamın yardımlaşmağa verdiyi dəyər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin müdiri Natiq Əfəndiyev və əməkdaşı Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, QMİ-nin bölgə üzrə qazısı Əli Məmmədov, icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan cəmiyyətində tarixin dərin qatlarından gələn zəngin milli-mənəvi və dini dəyərlərə möhkəm bağlılıq mövcuddur. Bu gün ölkəmizdə hər bir vətəndaş əcdadlarımızın bizə miras qoyduğu zəngin mənəvi irslə qürur duyur, bu dəyərləri gündəlik həyatında, ailəsində və məişətində yaşatmağa çalışır. Eyni zamanda, Azərbaycan dövləti cəmiyyətdən gələn sosial sifarişə əsaslanaraq xalqımızın milli-mənəvi dəyərlərinin və adət-ənənələrinin yad təsirlərdən qorunması, zənginləşdirilməsi, dini abidələrin bərpası və yenilərinin inşası istiqamətində mühüm işlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müqəddəs Qurban bayramı ərəfəsində xalqa ünvanladıqları təbriklər bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunələrindəndir.
Çıxışlarda vurğulanıb ki, hər il ölkəmizdə rəsmi şəkildə qeyd olunan dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial həmrəyliyin və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətdə birlik və bərabərlik ovqatını daha da möhkəmləndirir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.