Ağdaşda "Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə edilib
08 yanvar 2025, 07:56

Yanvarın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin (RGİİ) Ağdaş rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ağdaş rayonunda "Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Yevlax  regional bölməsinin əməkdaşı Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Mərkəzi Aran RGİİ-nin Ağdaş rayon sektorunun əməkdaşları, Ağdaş Rayon Peşə Məktəbinin tələbələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycanın dünyada həmişə tolerant ölkə kimi tanınmasından bəhs olunub. Qeyd edilib ki, biz həmişə başqa xalqların, başqa dinlərin nümayəndələrinə hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi narahatlıq doğurur. Ona görə də mövcud ənənələrimizi yaşatmalı, milli birliyimizi möhkəmləndirməliyik.
Sonda iştirakçıların fikirləri dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb.