Sentyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş şəhəri “Hacı İsmayıl” məscidində "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, adıçəkilən məscidin imamı Əli Məmmədov, dini icma sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxışlar zamanı cəmiyyəti narahat edən məsələlərlə bağlı keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri də məhz təhsildir. Sağlam düşüncəli cəmiyyət formalaşdırmaq üçün qızların təhsil almalarına üstünlük verilməli, onları təhsildən yayındıran amillərə qarşı ciddi mübarizə aparılmalıdır.
Mövzu ətrafında çıxış edənlər dinimizdə qadınlara verilən önəmdən də danışıblar. Vurğulayıblar ki, İslam dininə görə günahsız bir şəxsi öldürmək bütün insanlığı öldürmək kimi səciyyələndirilir. Doğulmamış körpələrin ana bətnində öldürülməsinin dini baxımdan doğru hesab edilmədiyi diqqətə çatdırılıb.