Ağdaşda dini radikalizmin təhlükələri mövzusunda müzakirələr aparılıb
09 mart 2022, 07:35

Martın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayon Mərkəzi Kitabxanasında "Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəis müavini Samir İsrəfilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, rayon Peşə məktəbinin tələbələri və ictimaiyyət nümayəndələri, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, gənclərin radikal və ekstremist cərəyanların təsirinə düşməməsi üçün maarifləndirici tədbirlərin keçirilməsi olduqca vacibdir. Natiqlər dini fanatizm, radikalizm və ektremizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliği, multikultural ənənələrimizin inkişafı və ənənəvi İslam dəyərlərinin dirçəldilməsinin zəruriliyini də qeyd ediblər.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib.