Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, rayon Gənclər və İdman İdarəsinin kollektivi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin əməkdaşları, icma sədrləri, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.
Çıxışlarda dini radikalizmin mahiyyətindən, törədə biləcəyi təhlükələrdən bəhs olunub. Qeyd edilib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai-siyasi sabitliyi poza, milli təhlükəsizlik risklərini artıra bilər. O da vurğulanıb ki, Azərbaycanda dini durum sabitdir.
Sonda tədbir qarşılıqlı müzakirələrlə davam edib.