Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdaşda din xadimləri üçün “Birgəyaşayış ənənəsində dini dəyərlərin rolu” mövzusunda təlim keçirilib.
Təlimdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov bildirib ki, dini həmrəylik ənənəsinin daha da möhkəmləndirilməsi və xarici təsirlərə qarşı dayanıqlı olması vacibdir. Dini harmoniyanın mühüm göstəricilərindən biri eyni dinə mənsub, lakin fərqli məzhəb və baxışlara malik insanlar arasında qarşılıqlı hörmət və anlaşmanın təmin olunmasıdır. Fərqliliklər birgəyaşayışa maneə deyil, əksinə təbii müxtəlifliyin bir hissəsidir. Bu istiqamətdə din xadimlərinin üzərinə düşən öhdəliklərə toxunan A.Qənbərov vurğulayıb ki, onlar cəmiyyətin ortaq problemlərinin həllində mənəvi dəyərlərin gücündən məqsədyönlü şəkildə istifadə etməlidirlər. Dini-əxlaqi keyfiyyətlər yalnız müəyyən bir qrupun deyil, bütün ictimai həyatın faydasına xidmət edən bəşəri prinsiplərlə əlaqələndirilməlidir.
Həmçinin qeyd olunub ki, dini-mənəvi irsin insanların ümumi rifahına töhfə verən meyarlarla uzlaşdırılması, din xadimlərinin isə empatiya, qarşılıqlı hörmət və insanpərvərlik nümunəsi göstərməsi Azərbaycanda formalaşmış tolerantlıq mühitinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarında fəaliyyət göstərən 150-dən çox nümayəndənin iştirak etdiyi təlimdə din xadimlərinin multikulturalizm və birgəyaşayış prinsipləri ilə bağlı biliklərinin artırılması, müasir informasiya və sosial media mühitində dini məsələlərə dair məlumatlılığının və kommunikasiya imkanlarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Eyni zamanda, dini müxtəlifliklərə hörmət, qarşılıqlı anlaşma və dözümlülük prinsiplərinin ictimaiyyətə daha səmərəli şəkildə çatdırılması istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.