Ağdam rayonu 1930-cu ildə yaradılmışdır. Ərazisi 1150 kvadratkilometr olub, 65 yaşayış məntəqəsini əhatə edir. Rayon ərazisinin 88%-i 1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən işğal olunmuşdu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilmişdir.
XX əsrin 50-ci illərindən sonra aparılan tədqiqat işləri buranın qədim insanların yaşayış məskənlərindən olduğunu sübut etmişdir. Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu ərazidə Eneolit dövründə (e. ə. IV-VI minillik) məskunlaşmağa başladığı müəyyən edilmişdir.
Rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri vardır. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla tarixi yaşayış məskəni Eneolit dövründən günümüzə kimi gəlib çatmışdır. Bu maddi-mənəvi abidələr müxtəlif bölgü əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə dünya və ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına salınaraq inventarlaşdırılmışdır.
Tədqiqatçı alim Rəşid Göyüşov ərəblərin Azərbaycanı fəth etdikdən sonra İslamı ən son qəbul edən bölgənin Ağdam olduğunu qeyd etmişdir.
Xaçındərbətli kəndində 1314-cü ildə inşa edilmiş Qutlu Musa oğlu türbəsi, Kəngərli kəndindəki XIV əsrə aid türbə, Ağdam şəhərində XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa olunmuş məscid, Boyəhmədli kəndində dua edən insan şəklində daş heykəl, Çəmənli kəndində məşhur övliyalardan olmuş Seyid Lazım Ağanın məqbərəsi rayonun tarixi-dini abidələrinin zənginliyindən xəbər verən milli-mənəvi sərvətlərimizdəndir.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində yerləşən Ağdam məscidini ziyarət etmişlər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlamışdır. Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Ağdam rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunur.
AĞDAM CÜMƏ MƏSCİDİ
(AĞDAM ŞƏHƏRİ)
Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscid ikiminarəli və ikimərtəbəlidir. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür.
Mərkəz günbəzə dayaq olan dörd sütun daxili məkanın həm tən ortasında kvadrat, həm də yan tərəflərdə ikimərtəbəli eyvanlar yaradır. İbadət zalına baxan və qadınlar üçün nəzərdə tutulan bu eyvanlar da öz növbəsində yuxarıdan günbəzlərlə örtülür. Burada da az qala hər detalda İslam incəsənəti üçün mühüm olan mürəbbe (dördbucaqlı) və dairə münasibətlərinə rast gəlmək olar. İbadət zalı mehrabın kənarlarından və eyvanlardan açılan pəncərələrlə işıqlandırılır. Mehrab tağçasının üzərində binanın dekor tərtibini verən ustad Məhəmməd Nəqqaş Təbrizinin adı və təmir olunduğu il - hicri təqvimlə 1331-cü il (miladi 1913) tarixi həkk olunmuşdur. Mənbələrdə göstərilir ki, Ağdam Cümə məscidinin divarlarını ilkin variantda Kərbəlayi Səfixanın dostu nəqqaş Məhəmməd Şükuhi işləmişdir. Məscidin giriş qapısı Səfəvi memarlığı üçün xarakterik olan iri tağ portalın içindədir.
Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələri" siyahısına daxil edilmişdir. Cümə məscidinin işğal dövründəki vəziyyəti 1954-cü il qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının ermənilər tərəfindən pozulduğunu bir daha təsdiqləyir.
Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi
Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəvi quruluşun özünəməxsusluğundadır.
Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca əlamətdir.
Giriş qapısının üzərindəki kitabə onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir. Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Abidənin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir ünsür də onun piramida şəkilli günbəzinin üzlüyünü təşkil edən daş tavalardan düzəldilmə örtükdür.
Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.
Xaçındərbətli abidəsinin daxili günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.
Tarixi-dini abidələri
Məbəd (VI əsr) – Kəngərli kəndi
Yegiş Arakel Məbədi (XII əsr) – Suqovuşan qəsəbəsi
Ureq Məbədi (XII əsr) – Talış kəndinin qərbində
Məbəd (XIII əsr) – Tərtər çayının yuxarı axarında
Məbəd (XIII əsr) – Çıraqlı kəndi
Kilsə (---) – Çiləbürt kəndi
Məbəd (VI-VIII əsrlər) – Şahbulaq kəndi
Məbəd (XV əsr) – Maqsudlu kəndi
Məbəd (XVI əsr) – Salahlı-Kəngərli kəndi
Məscid (XIX-XX əsr) – Boyəhmədli kəndi
Məscid (XVIII əsr) – Qiyaslı kəndi
Məscid (XVIII əsr) - Papravənd kəndi
Məscid (XVIII əsr) - Papravənd kəndi
Məscid (1868-ci il) – Ağdam şəhəri
Ziyarətgahları
Qutlu Musa türbəsi (1314-cü il) – Xaçındərbətli kəndi
Xanoğlu türbəsi (XVIII əsr) – Ağdam şəhəri
Türbə (XIX əsr) – Ağdam şəhəri
Türbə (XVIII əsr) – Papravənd kəndi
Şeyx Nigari türbəsi (XVIII əsr) – Papravənd kəndi
Türbə (XVIII əsr) – Maqsudlu kəndi
Türbə (XIV əsr) – Kəngərli kəndi
Türbələr (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanında
Qəbiristan (orta əsrlər) – Papravənd kəndi
Qəbiristan (orta əsrlər) – Qızıllı Kəngərli kəndi
Deşikli ocaq piri (ağac) – Qasımlı kəndi
Eşq Abdal piri – Üçoğlan kəndi
Əli pəncəsi (daş) – Yülbalı kəndi
Seyid Manafın qəbri – Tağıbəyli kəndi
Qara Piri ocağı – Papravənd kəndi
Cındırlı piri – Kəngərli kəndi
Seyid Lazım Ağanın məqbərəsi - Çəmənli kəndi
Daş heykəl – Boyəhmədli kəndi
Əli pəncəsi ziyarətgahı – Əliağalı kəndi
Tarixi memarlıq abidələri
Pənah xanın imarəti (XVIII əsr) – Ağdam şəhəri
İki sandığabənzər abidə (XVI əsr) – Ağdam şəhəri
İqamətgah (XVIII əsr) – Şahbulaq kəndi
Karvansara (XVIII əsr) – Şahbulaq kəndi
Bürc (XVIII əsr) – Şahbulaq kəndi
Sərdabə (XV əsr) – Ağdam şəhəri
Hatəm Məlik qalası (XII əsr) – Ağdam şəhəri (Qasapet kəndinin 5 km-də)