Ağcabədidə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib
01 noyabr 2021, 03:59

Oktyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi Pedaqoji Kollecinin iştirakı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimov, Kollecin müəllim və tələbə heyəti iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bildirilib ki, Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. O da qeyd olunub ki, bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü.