Ağcabədi və Beyləqanda yerləşən hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib
18 iyul 2022, 03:15

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyi arasında təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq hərbi hissələrdə silsilə tədbirlər keçirilir.

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsinin (HH) birgə təşkilatçılığı ilə Dinin intihara baxışımövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi şəhər “Cümə” məscidinin imam müavini Zaur Məmmədov və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan rayonunda yerləşən “N” saylı HH-nin birgə təşkilatçılığı ilə “İntihar: mənəvi və ictimai müstəvidə” mövzusunda  keçirilən tədbirdə isə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, hərbi hissənin nümayəndəsi Rauf Niyazov,  "Cərciz Peyğəmbər" ziyarətgah məscidinin imam müavini Məhəmməd Sadıqov və hərbi qulluqçular iştirak ediblər.

Əvvəlcə  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda mövzunun aktuallığı qeyd olunub, bu cür maarifləndirmə tədbirlərinin hərbi hissələrdə keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. O da vurğulanıb ki, İslam dinində intihar ən böyük günahlardan hesab edilir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.