Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Abşeron rayonunda yerləşən N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Dini ekstremist və ayrı-seçkilik çağırışlarının qarşısının alınması, milli-dini dəyərlərin təbliği” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, hərbi hissənin nümayəndəsi Rüstəm Məmmədov, Abşeron rayonu Güzdək qəsəbə məscidinin imamı Mirkazım Kazımlı və hərbi qulluqçular iştirak ediblər.
Çıxışlar zamanı məkrli məqsədlərinə nail olmaq üçün cəmiyyət arasında dini, milli və məzhəb ayrı-seçkiliyi salaraq mövcud toplumu parçalamağı rəhbər tutan və xarici dini mərkəzlərə bağlı olan radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması, onların zərərli təbliğatı əleyhinə fəal şəkildə mübarizə aparılması olduqca mühüm əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, bu istiqamətdə dövlət tərəfindən iqtisadi, hüquqi və ideoloji müstəvidə aparılan mübarizə belə uğursuz cəhdlərin qarşısının alınmasında mühüm rol oynamaqdadır.
Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap edilmiş kitablar hədiyyə edilib.