Sentybarın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Quba Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin qazılıqlarının birgə təşkilatçılığı ilə Quba şəhərində yerləşən Şəhidlər Xiyabanına ziyarət təşkil olunub. Ziyarət zamanı şəhidlərin əziz xatirəsinə ehtiram ifadə olunub.
Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları, din xadimləri, dini icma sədrləri, şəhid ailələrinin üzvləri və və qazilər iştirak ediblər.
Çıxış edənlər ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqlardan bəhs ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Vətən müharibəsinin başlandığı 27 Sentyabr tarixi Anım Günü kimi təsis edilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə xalqımız böyük əzm və iradə nümayiş etdirərək, bir yumruq kimi birləşmiş və işğalçılara sarsıdıcı zərbələr endirmişdir.