Abşeronda “Multikulturalizm - Azərbaycan Respublikasının Dövlət Siyasəti kimi” mövzusunda tədbir keçirilib
31 may 2016, 08:14
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində “Multikulturalizm - Azərbaycan Respublikasının Dövlət Siyasəti kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev, Zəngilan rayon Yeni Azərbaycan Partiyasının sədri Əsəd Hüseynov, DQDİK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhəçisi Yalçın Abdullayev və qəsəbə sakinləri, orta məktəb şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şənlik Əliyev ölkəmizdə tarix boyu meydana gələn və ölkəmizdə hazırda mövcud olan tolerantlıq, multikulturalizm ənənələrindən danışaraq bildirib ki, dövlətimiz bu kimi dəyərlərin qorunub saxlanılması istiqamətində həm xaricdə, həm də daxildə mühüm işlərə imza atır. Bildirilib ki, müsəlmanların çoxluq təşkil etdiyi bir ölkə kimi Azərbaycanda müxtəlif etnik və dini qruplar mehriban yaşayırlar. Bu mehribançılıq şəraitində yaşamaq xalqımıza məxsus olan müstəsna dəyərlərdəndir.
Daha sonra çıxış edən Əsəd Hüseynov qeyd edib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Ümumilli Lider Heydər Əliyevin qoyduğu konsepsiya əsasında müxtəlif xalqlar və dini cərəyanlar arasında münasibətlər daha da möhkəmlənmişdir. Qeyd edilib ki, dövlətimiz birgəyaşayışın və tolerantlığın təminatçısıdır.
Yalçın Abdullayev çıxışı zamanı Azərbaycanda mövcud zərərli dini cərəyanlar haqqında qısa məlumat verib. Bildirilib ki, radikalizmə qarşı mübarizədə effektiv yollardan biri də maariflənmədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.