Abşeronda mənəvi dəyərlərimizə həsr olunmuş tədbir keçirilib
11 dekabr 2024, 04:13

Dekabrın 10-da Abşeron rayonu, Saray qəsəbəsi 3 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Öncə Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin baş məsləhətçisi Namiq Musayev, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Elyanar Hüseynov, müəllim və məktəblilər iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin zənginləşməsi istiqamətində önəmli addımlar atıb, bu sahədə yeni mərhələnin əsasını qoyub. Bu təməl üzərində Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı göstərilir. Qeyd edilib ki, hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən birini də milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə bağlılığın möhkəmlənməsi, adət-ənənələrin qorunması, mədəni-tarixi abidələrin mühafizəsi, mənəvi irsin öyrənilməsi təşkil edir.