Abşeronda “İslam Həmrəyliyinin dövlət-din münasibətlərinə töhfəsi” adlı tədbir keçirilib
20 fevral 2017, 09:38
Fevralın 20-də Abşeron rayonu Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyinin dövlət-din münasibətlərinə töhfəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, İsmayıl Cəfərov, Şahlar Məmmədov, Abşeron RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər söbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov, rayon ictimaiyyəti, gənclər və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Vüqar Bəşirov 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edildiyini və bununla əlaqədar Abşeron rayonunda bir sıra tədbirlərin keçiriləcəyini vurğulayıb, dövlətin dəstək və qayğısının hər sahədə olduğu kimi din sahəsində də mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov İslam həmrəyliyinin önəmindən bəhs edib, bunun İslam dünyası üçün çox vacib olduğunu vurğulayıb. Sonra İslam vəhdət və həmrəyliyinə əngəl törədən faktorlar, xüsusilə dini radikalizm və qeyri-ənənəvi dini cərəyanlar, onların təbliğat metodları haqqında danışıb və bu neqativ halların qarşısının alınması üçün Dövlət Komitəsi tərəfindən görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov isə Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq və birgəyaşayış ənənələri, multikultural harmoniya və dini dözümlülükdən bəhs edib və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının da bütün bu sadalanan dəyərlərin məntiqi davamı olduğunu vurğulayıb. Rayon gəncləri arasında maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirildiyini bildirən E.Hümbətov gənclərə göstərilən qayğı və diqqətə görə öz minnəttarlığını bildirib.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.