Fevralın 19-da Müdafiə Nazirliyinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı Regional bölməsinin təşkilatçılığı ilə “Azərbaycandakı dini mühitə daxili və xarici təhdidlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı Regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt şəhəri, Kotec qəsəbə məscidinin imam müavini Bəhruz Orucov, həmçinin şəxsi heyət iştirak edib.
Çıxışlarda ölkəmizdə dini tolerantlıq ənənələrinin möhkəm olduğu, dövlətin dünyəvilik prinsipinə sadiq qaldığı və vicdan azadlığının tam təmin edildiyi xüsusi vurğulanıb. Eyni zamanda daxili təhdidlər sırasında dini radikalizm, dinin siyasiləşdirilməsi və qanunsuz dini fəaliyyət halları qeyd edilib. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin artırılmasının vacibliyi diqqətə çatdırılıb.