Abşeronda dinin siyasiləşdirilməsinin təhlükələri müzakirə olunub
25 noyabr 2025, 18:00

Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Abşeron-Xızı regional bölməsi və Müdafiə Nazirliyinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsinin milli maraqlarımıza və mənəvi dəyərlərimizə təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Abşeron-Xızı regional bölməsinin aparıcı məsləhətçisi Təbib Məmmədov, Sumqayıt şəhər “Cümə” məscidinin imamı Gülağa İsmayılov, eləcə də şəxsi heyət iştirak edib.

Çıxışlarda dinin siyasiləşdirilməsinin milli maraqlarımıza və mənəvi dəyərlərimizə yaratdığı təhlükələrdən danışılıb. Dini radikalizmin cəmiyyətə təsiri və milli təhlükəsizliyə yaratdığı təhdidlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, dövlət-din münasibətlərində sağlam modelin qorunması, dini ekstremizmlə mübarizə və dini maarifləndirmə işinin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Sonda iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib və qarşılıqlı müzakirələr aparılıb.