Oktyabrın 10-da Abşeron rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Abşeron-Xızı regional bölməsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların mahiyyəti və gənclərin mənəvi dünyagörüşünə təsir edən amilləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Öncə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.
DQİDK-nın Abşeron-Xızı regional bölməsinin aparıcı məsləhətçisi Təbib Məmmədov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Musa Hüseynov, Xırdalan şəhər məscidinin imamı Elnur Əliyev, gənclər, eləcə də ictimaiyyyət nümayəndələri iştirak ediblər.
Natiqlər dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıblar. Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işlərinin aparıldığı, gənclərin radikal dini cərəyanların təsirindən qorunmasından vacibliyi, eyni zamanda, dini radikalizmin fəsadları barədə geniş məlumat veriblər. Çıxışlarda, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olduğu, milli-dini birlik ideyasının ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.