8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib
06 noyabr 2025, 12:16

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələrinin, yerli icra hakimiyyətlərinin (İH), təhsil müəssisələrinin və dini icmaların birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki şəhəri:

Noyabrın 5-də Şəki rayonu Aydınbulaq kənd tam orta məktəbdə “Bayraq qürur mənbəyimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, Aydınbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidinin dini ayinlərin icraçısı Nadir Pirimov, müəllimlər və şagirdlər iştirak ediblər.

Oğuz rayonu:

Noyabrın 6-da Oğuz şəhəri E. Abdullayev adına 2 nömrəli texniki-təbiət təmayüllü məktəb-liseydə “Zəfər günü və qəhrəmanlıq tariximiz” mövzusunda tədbir baş tutub. Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Samir Salehov, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, Rayon Təhsil Sektorunun müdiri Sədar Nəbiyev, Gənclər və İdman sektorunun məsləhətçisi Vüsal Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.

Ağdaş rayonu:

Daha bir tədbir noyabrın 5-də Ağdaş Rayon Peşə Məktəbində “Zəfər Günü: milli-dini həmrəyliyin təntənəsi” mövzusunda keçirilib. Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Asif Ədilov, rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, müəllimlər və tələbələr, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Neftçala rayonu:

Noyabrın 5-də Neftçala rayonunda “Zəfər Yolu: həmrəylik və vətənpərvərlik” mövzusu müzakirə olunub. Tədbirə Dövlət Komitənin Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov, rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Vasif Əliyev, Qafqaz Müsəlmanlar İdarəsinin qazisi Hüsni Həsənov, Vətən müharibəsi iştirakları, din xadimləri və gənclər qatılıblar.

Ucar rayonu:

Noyabrın 5-də Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidində “8 noyabr – Zəfər Günü” ilə bağlı “Zəfərin qəhrəmanları: şəhidlər və qazilər” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov,din xadimləri, dini icma sədrləri, şəhid ailələrinin üzvləri, qazilər və aidiyyatı qurumların nümayəndələri iştirak ediblər.

Bakı şəhəri, Xətai rayonu:

Noyabrın 4-də 264 nömrəli məktəb-liseydə “Milli birlik və Suverenlik: Zəfərin təntənəsi” adlı tədbir keçirilib. Tədbirdə Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Rəşadət Hidayətov, şəhid ailələrinin üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Zaqatala rayonu:

Noyabrın 4-də Aşağı Tala kənd 5 nömrəli tam orta məktəbdə eyni adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, İH başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Ramin Həsənov, Zaqatala rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Rəcəb Əlizadə, Vətən müharibəsi veteranı Bayram Hacıyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Yevlax şəhəri:

Noyabrın 4-də Yevlax şəhəri Sahib Əliyev adına 1 saylı tam orta məktəbdə “Üçrəngli bayrağımız milli qürurumuzun simvolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, YAP Yevlax rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, müəllimlər və şagirdlər iştirak ediblər.

Kürdəmir rayonu:

Noyabrın 3-də “Bir bayraq altında həmrəylik və vətənpərvərlik” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Daşqın Rüstəmov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

 

Beyləqan rayonu:

Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə “Üçrəngli bayrağımız: milli qürurumuzun simvolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nin Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, İmişli rayonu Qaralar kənd məscidinin imamı Elməddin Süleymanov və şəxsi heyət iştirak edib.


Natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq dövlətimizin tarixi Zəfər səhifəsini yazıb. Bu Qələbə Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqın sarsılmaz birliyinin bariz nəticəsidir. Vurğulanıb ki, bu Qələbənin rəmzi olan üçrəngli bayrağımız bu gün azad edilmiş Qarabağ torpaqlarında qürurla dalğalanır və bu, xalqımızın milli qürurunun, dövlətçiliyimizin və müstəqilliyimizin təntənəsidir. Bildirilib ki, Zəfər Günü və Dövlət Bayrağı Günü xalqımızın milli birliyini, mənəvi dəyərlərə sədaqətini və vətənpərvərlik ruhunu əks etdirən ən əlamətdar günlərdəndir.