27 Sentyabr – Anım Günü ilə əlaqədar Zaqatala, Balakən və Qax rayonlarında tədbirlər keçirilib
25 sentyabr 2025, 16:28

Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Zaqatala, Balakən və Qax rayonlarının icra hakimiyyətləri və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qazılıqlarının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin əməkdaşları Tərlan Nəzərov, Ruslan Əfəndiyev, Elməddin Atakişiyev, icra hakimiyyətlərinin məsul əməkdaşları, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Öncə hər üç rayonun Şəhidlər xiyabanı ziyarət olunaraq şəhidlərin ruhlarına dualar oxunub.

Çıxışlarda bildirilib ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vurğulanıb ki, xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb.