2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi günümüzdə baş verən qlobal hadisələr kontekstində çox mütərəqqi addımdır
17 avqust 2017, 09:11
Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmlə mübarizə ilə bağlı maarifləndirici xarakterli seminar-müşavirə keçirilib.
Tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, “BP Azərbaycan” şirkətinin vitse-prezidentləri  Bəxtiyar Aslanbəyli, Leyla Novruzova, şirkətin Xarici əlaqələr şöbəsinin müdiri Rəşad Bayramov və əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “BP Azərbaycan” şirkətinin Xarici əlaqələr şöbəsinin müdiri Rəşad Bayramov silsilə şəklində keçirilən seminar-müşavirələrin maarifləndirmə sahəsindəki əhəmiyyətini vurğulayıb. Natiq, eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş dini ekstremizmin və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş etdirilib.
DQİDK sədrinin müavini Səyavuş Heydərov dünyada bəlaya çevrilmiş dini radikalizm, ekstremizmin qlobal təhlükəsizlik probleminin əsasını təşkil etdiyini bildirib. Dünyadakı müharibə və münaqişələrin əsas hissəsinin dini zəmində baş verdiyini qeyd edən S.Heydərov bunun əsas səbəbinin dinin öz məcrasından çıxarılması, vasitə kimi istifadə edilməsi olduğunu deyib.
Sədr müavini əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət nəticəsində bu gün ölkəmizin dünyada nümunəvi dünyəvilik və din modeli sərgilədiyini bildirib. O, vurğulayıb ki, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi günümüzdə baş verən qlobal hadisələr kontekstində çox mütərəqqi addımdır. Cənab Prezident İlham Əliyevin müdrik, düşünülmüş və geniş mənəvi elementləri özündə ehtiva edən bu uzaqgörən addımı istər ölkəmiz, istərsə də dünya miqyasında strateji əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, böyük siyasi cəsarət və dövlətçilik məharəti göstərən ölkə başçısı Azərbaycanın İslam ölkələri arasında artan nüfuzunu da gücləndirərək ümumilikdə bütün dünyaya həmrəylik mesajı verir.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova öz çıxışında bildirib ki, bu gün çox təəssüfləndirici haldır ki, İslam dininin adı ekstremizlə, radikalizmlə birlikdə çəkilir. Sülh, barış, mərhəmət dini olan İslamın adı terrorizmlə eyniləşdirilir. Müsəlmanların İslam dinini nüfuzdan salmaq istəyən qüvvələrin alətinə çevrilməsi də digər narahatedici məqamdır. Mənfi təsirlərdən qorunmaq, radikalizmin qurbanına çevrilməmək üçün İslamın əsl mahiyyətini öyrənmək, islami dəyərləri olduğu kimi mənimsəmək vacibdir. İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik, sülh ideyalarını bir daha diqqətə çatdıran E.Kərimova müsəlmanların bu gün həmrəylik içində bir-birinə dəstək olmağının əhəmiyyətini vurğulayıb.
Seminar-müşavirə işini tədbir iştirakçılarının suallarının cavablandırılması ilə   yekunlaşdırıb.