18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə müxtəlif bölgələrdə silsilə tədbirlər keçirilib.
Oktyabrın 14-də Gəncə Gənclər Evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “18 Oktyabr – azadlıq və qürur günü” mövzusunda tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri Həsən Məmmədov, Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə Gənclər Evinin direktoru Şəhriyar Hacıyev, din xadimləri, dini icma sədrləri, dini konfessiyaların nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Oktyabrın 14-də Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyində “Müstəqilliyin bərpası: tarixi yol və dövlətçilik prinsipləri” mövzusunda təedbir keçirilib. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Şəhəri Təhsil Sektorunun əməkdaşı Gündüz Abbasov, müəllimlər və şagirdlər iştirak ediblər.
Oktyabrın 14-də Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyində “Müstəqilliyin bərpası: dünəndən bugünədək” mövzusunda tədbir baş tutub. Tədbirə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Elxan Əsgərov, rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Elmir Şəfiyev, gənclər və şagirdlər qatılıblar.
Oktyabrın 15-də Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə “18 Oktyabr – azadlıq və qürur günü” mövzusunda seminar təşkil edilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Rauf Nəsirov, müəllimlər və şagirdlər iştirak ediblər.
Natiqlər Azərbaycanın dövlətçilik ənənələrindən, xalqımızın işğalçılara qarşı tarixən apardığı azadlıq mübarizəsindən, Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşadığı diqqətə çatdırılıb. O da qeyd edilib ki, Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının azadlıq iradəsinin, dövlət suverenliyinə sadiqliyinin və müstəqil dövlətçilik ənənələrinin təntənəsidir. Vurğulanıb ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə əsası qoyulan tarixi yolun davamı olaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilib, dövlət suverenliyi bütün ərazilərimizdə təmin olunub.