Şriftin ölçüsü:
Saytın rəngi:
Yeddi qapı monastırı Xocavəndin Susanlıq kəndinin yaxınlığında (3.5 km), Yuxusən dağının ətəyində, meşəlik ərazidə yerləşir. Tədqiqatlar monastırın əsas kilsəsinin inşa tarixinin VI əsrə aid olduğu göstərir. Kilsənin bu dövrə aid ediməsini həm də onun memarlıq üslubu təsdiq edir. Yeddi qapı monastırı elmi
ədəbiyyatda Susanlıq kəndinin keçmiş adına uyğun olaraq Möhrənis kilsəsi kimi də tanınır. XIX əsr müəllifi kilsəni Möhrənis və ya Yeddi qapı kilsəsi adlandırır və kilsənin kənddən aralıda yüksəklikdə, dağın başında yerləşdiyini yazır. Abidə Kitşvəng monastırının yaxınlığındadır. Erkən orta əsrlərə aid edilən bu alban monastırı əfsanəyə görə ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən qardaşlarının xatirəsinə inşa edilib. Yeddi qardaşın şərəfinə tikilmiş xatirə abidəsi kimi tanınan bu alban məbədi bölgənin böyük ziyarıətgahlarından biri olmuşdur. Vəfat etmiş yeddi qardaşın şərəfinə ziyarətgaha gələnlər burada yeddi şam yandırardılar. Xatirə abidəsini tikdirmiş bacının məzarı da məbədin həyətindədir. Onun məzarı monastır həyətindəki bulağın yaxınlığında yerləşir və “Bacı məzarı” ziyarətgahı
kimi tanınır.
Kompleksin əsas kilsə binasının quruluşuna görə Cənubi Qafqaz ölkələrinin memarlığında anoloqu yoxdur. Abidə qeyri-adi memarlıq üslubuna malikdir və digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir.
Abidənin memarlıq quruluşu və tikinti üslubu, onu V-VI əsr abidələrindən kəskin şəkildə fərqləndirir. Bu, məbədin inşa tarixinin daha qədim olduğunu göstərir. Yeddi qapı məbədi xüsusi memarlıq quruluşuna malik abidədir və onun oxşarına Azərbaycanın digər ərazilərində rast gəlinmir. Dairəvi formada inşa edilmiş Möhrənis kilsəsi quruluşuna görə dairəvi dolama hissənin tetrakonx ilə birləşdirildiyi Qax rayonundakı Ləkit kilsinə daha yaxın abidə olaraq göstərilir. Monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarət olmuşdur. Digər iki tikili ilə müqayisədə kilsə binası nisbətən yaxşı formada dövrümüzə çatmışdır. Orta əsrlər dövründə inşa edildiyi güman edilən narteks binası tamamilə dağılmışdır. Xidməti bina kimi istifadə olunmuş ikinci tikilinin isə divarlarının yalnız aşağı hörgü qatı dövrümüzə çatmışdır. Üçüncü bina monastırın əsas kilsə binasıdır. Narteks və digər tikililərin qalıqları əsas kilsə binasına şimal-qərb tərəfdən birləşir. Məbədin yerləşdiyi ərazinin yaxınlığında səpələnmiş vəziyyətdə bir neçə yaşayış yerinin qalıqları var.
Kilsənin günbəzaltı hissəsini dörd nalvari apsida və dörd niş əhatə edir. Apsidalar hər biri 2 metr enə və təxminən elə o qədər də dərinliyə malikdirlər. Diaqonal nişlər isə 3/1 m ölçüyə malik olmaqla hər biri zalın mərkəzinə yönəlir. Apsida və nişlər bu tipli başqa abidələrdə rast gəlinməyən dairəvi pilyastrlarla bir-biri
ilə əlaqələndirilir. Nişlərin kənar tağlarındakı pilyastrlar özünəməxsus və heç yerdə təkrarı olmayan ornamental kəmərlə bəzədilmişdir. Monastırın əsas kilsəsi dörd künc nişə malik tetrakonxdur. Arka və
konxların forması, konxlarda bemin olmaması, apsidaların xarici yarımdairəvi (çoxtərəfli olmayan) forması və dekor xarakteri monastırın əsas kilsəsinin inşa tarixinin VI əsrə aid olmasını təsdiq edir. Nişlər sırf dekorativ xüsusiyyət daşımaqla kiçik otaqlara keçid və ya dəhliz funksiyasına malik olmasalar da, öz növbəsində kilsənin mərkəzlik ideyasına tabe olan daxili həcmini vizual olaraq xeyli genişləndirmişdir. Həmçinin konxlardan nişlərə axıcı keçid təmin edilib. Kilsəyə daxil olan şəxslər bütün daxili məkanı müşahidə edə bilir və axıcılıqla bir-birinə keçən dairəvi məkanları müşahidə edirlər.
Monastırın adının etimologiyası yeddi qardaşın və kilsənin yeddi apsidası (qapı yerləşən apsida nəzərə alınmamaqla) ilə əlaqəlidir. Belə ki, məbəddə yeddi qapını xatırladan, müxtəlif ölçülü, yeddi apsida tikilib. Kilsənin apsidaları alban memarlıq ənənələrinə xas nalvari formaya malikdir. Kilsənin günbəzaltı hissəsini dörd nalvari apsida və dörd niş əhatə edir. Əsas dörd apsidanın hər biri nal formasında qatlanaraq bir qədər tikilinin içinə daxil olur. Nazik və kobud yonulmuş daşların qübbə qabırğalarına yatırdılmış konx tağları da eyni formaya malikdirlər. Beş tağ yuxarısında qatlanmış çubuq forması olan sadə impost üzərində dayanır. Altar tağının impostu bir qədər daha çox haçalanmışdır. Belə dekor Qafqaz Albaniyası memarlığının erkən orta əsrlər dövrünə aid məbəd nümunələrinin bir çoxu üçün xarakterikdir. Kilsənin inşaat texnikası da əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud daş və əhəng məhlulu hörgüsünə əsaslanır.
Kilsənin yeganə girişi 1.06 m enə malikdir və kilsənin qərb tərəfində yerləşir. Həmçinin girişin timpanı da saxlanmışdır. Bu hissədən kilsə ciddi dağıntıya məruz qaldığından girişdən yuxarı hissədən heç nə qalmamışdır. Cənub və şimal divarları qismən daha yaxşı saxlanmışdır, şimal apsidasının hörgüsü hətta barabana qədər dövrümüzə çatmışdır. İşıqlandırma apsidalar və barabanda yerləşdirilmiş pəncərələr vasitəsiylə həyata keçirilmişdir. Şimal apsidasında yerləşən yeganə saxlanılmış pəncərə və qapı çərçivələri naxışsız, yonulmuş daşdan hazırlanmışdır. Kilsənin xarici plan cizgiləri daxili haçalanma ilə tamamilə uyğunluq təşkil edərək dörd böyük və dörd kiçik qövsvari hissədən təşkil olunub. Məbədin, üzərində baraban və günbəz yüksələn zəif bükülmüş, demək olar ki, silindrik formaya malik olan aşağı həcmi kilsəyə əzəmətli, lakin dünyəvi görünüş verir.
Yeddi qapı məbədi də bölgənin digər alban kilsə və monastırları kimi işğal dövründə ermənilər tərəfindən ciddi dağıntılara və saxtalaşdırmalara məruz qalıb. Abidənin giriş qapısı üzərinə ermənilər tərəfindən bura gətirilmiş yeni xaçdaşlar yerləşdirilmiş, üstündə dəmirlə müasir erməni dilində yazılar cızılmışdır. Xaçdaşın başqa ərazidən gətirildiyi açıq-aydın sezilir. Bu, Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizdəki mədəni dəyərlərimizə qarşı törətdiyi növbəti saxtakarlığıdır. Məbəd ərazisindən saxta xaçdaşların və bu xaçdaşlar üzərində cızılmış yazıların Yeddi qapı məbədinin tikildiyi dövrə və məbədin özünə heç bir aidiyyatı yoxdur.
Belə saxtakarlıqlar cox təəsüf ki, Amaras, Xudavəng, Gəncəsər kimi bütün alban məbədlərində edilmişdir. Alban məbədləri Azərbaycanın mədəni irsi, xalqın milli və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması kimi hərəkətlər beynəlxalq qanunlar və konvensiyalara görə yolverilməzdir.