Şriftin ölçüsü:
Saytın rəngi:
Xutudərə monastır kompleksi Xocavənd rayonunun 1992-ci ilədək Domı adlandırılan Binə kəndi ərazisində, kəndin şimalında yerləşir. Xutudərə monastır kompleksinin inşaat xüsusiyyətlərinə əsasən V-VI əsrlərdə inşa edildiyi ehtimal edilir. Kompleksin iki kilsəsi dövrümüzə daha yaxşı vəziyyətdə gəlib çatmışdır. Bu kilsələr erkən orta əsrlərdə alban məbədləri üçün ənənəvi memarlıq üslubu olan birnefli bazilika formasına malikdir. Hər iki kilsə planda qeyri bərabər tərəfli rombvari formaya və nalvari apsidaya malikdir. Kilsələr düzbucaqlı formalı dəhliz ilə əlaqələndirilir. Hər iki başında kilsə yerləşən dəhliz, şərq-qərb oxu boyunca uzanan və planda düzbucaqlı formala malik olan 6x3.7 metr ölçülü zaldır. Dəhliz dövrümüzə yalnız qalıqları çatmış üç tağlı zalın davamı kimi nəzərdə tutulub və vaxtilə dam örtüyünə də malik olmuşdur. Bütün kompleks arasında əlaqələndirici mövqeyini həyata keçirən bu mühüm memarlıq
elementi Xaçın sarayı və sonrakı dövrlərdə inşa edilmiş məlik saraylarında da istifadə edilmişdir. Dəhlizin cənub tərəfində yerləşən kilsə 8.5x4 metr ölçüyə malik birnefli bazilikadır. Düzbucaqlı plana malik olan zal, şərq tərəfdən nalvari apsida ilə tamamlanır. İbadət zalında dərin niş var, kilsənin yeganə qapısı isə şimal
tərəfdən açılır. Kilsə heç bir pəncərəyə malik deyil, yeganə işıq mənbəyi isə dəhlizə açılan qapıdır. Lakin, kilsənin hazırda qismən dağılmış tağtavandakı dəliklə də işıqlandırıldığı güman edilir.
Dəhlizin şimalında yerləşən ikinci kilsə isə daha kiçik ölçüdə olub planda rombvari görünüşə malik birnefli bazilikadır. Kilsə nalvari apsidaya malikdir və cənub divarında kvadrat formalı niş vardır. Birinci kilsə kimi, ikinci kilsə də pəncərələrə malik deyil. Kilsənin qapısı cənub divarında yerləşir.
Ümumilikdə kilsələrin memarlığı Mingəçevir kilsə kompleksinə daxil olan tikililər, Pipan bazilikası, Yeddi qapı monastırı, Vaquas və Əyrivəng kilsəsinə yaxındır. Kapitellər, timpanlar, sütunlar və tağ kəmərləri istisna olmaqla, kompleksin bütün tikililəri əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud işlənmiş daşlardan hörülmüşdür. 140-200 sm qalınlığa malik divarlarn hörgüsündə qonşuluqdakı Susanlıq kəndindəki Yeddi qapı monastırında istifadə edilmiş hörgü texnikasından istifadə edilmişdir. Monastır ətrafında müdafiə divarlarının, ərazidə isə sovməə və mülki tikililərin qalıqları müşahidə edilir.