Şriftin ölçüsü:
Saytın rəngi:
Xilaskar monastırı Badara kəndinin qərbində yerləşən daha bir tarixi-memarlıq abidəsidir. Kilsənin inşaat kitabəsi ciddi zədələndiyindən onun inşa tarixini müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, kitabələrdə adətən inşa tarixinin göstərildiyi birinci sətir tamamilə silinmişdir.
Lakin kitabədə alban katalikoslarının adlarının çəkilməsi kompleksin qədim dini mərkəz olduğunu sübut edir. Abidənin XIII əsrin II yarısından Xaçın knyazlığının mərkəzi olması ehtimal edilir.
Həsən Calalın öldürülməsindən sonra XIII əsrin II yarısında Xaçın knyazlığının mərkəzi Xanabert qalasından bura köçürülmüşdür.
Vaxtilə qədim yaşayış məskəninin əsas məbədi olmuş monastır xarabalıqlar arasında yeganə tikili kimi qalmışdır. Kilsənin ətrafındakı qədim məzarlıqda yüzlərlə xaçdaş vardır. Monastırın başkilsəsi tərəfləri 11.3x9.7 metr ölçülərə malik üçnefli bazilikadır. İbadət zalında altar və altarın ətrafında köməkçi otaqlar var. Kilsənin şərq divarında üçbucaq formalı iki niş var. Cənub və qərb divarlarında giriş qapıları var. Kilsə hörgüsündə əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud yonulmamış daşlardan istifadə edilmişdir.