Son bir neçə gündə Sumqayıt Cümə məscidində yaranmış gərginlik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər aidiyyəti qurumlarla birgə keçirdiyi tədbirlər nəticəsində aradan qaldırılıb.
Xəbər verildiyi kimi, ötən həftənin sonlarından vəhhabi kimi tanınan sələfi əqidəli dindarlar kütləvi şəkildə Sumqayıt Cümə məscidinə gəlib, öz aralarından imam seçərək camaat namazı qılmağa başlamışdırlar. Onların mövcud dini icmanın razılığı olmadan və məscidə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən imam təyin edilmədən bu cür hərəkətlərə yol vermələri dini icmada və yerli ənənəvi dindarlar arasında narazılıq və gərginlik yaranmasına səbəb olmuşdu. Lakin dindarların və məscidin dini icmasının etirazına baxmayaraq, sələfi qrup məscidə gəlməkdə və ayrılıqda camaat namazı qılmaqda davam etmişdi. Nəticədə məsciddə mövcud dini durum getdikcə gərginləşmiş, eyni zamanda, mürəkkəb vəziyyət yaranmışdı.
Dövlət Komitəsininin məlumatında deyilir ki, Sumqayıt Cümə məscidində yaranmış vəziyyət ilk gündən nəzarətə götürülüb və mümkün qarşıdurma hallarının olmaması üçün, o cümlədən şəhər İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının fəal iştirakı ilə bütün zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, yaranmış problemin həllində inzibati güc amilindən isrifadə edilməsinə yol verilməyib, məsələnin həllinə yalnız izahat və maarifləndirmə işinin aparılması yolu ilə nail olunub. Belə ki, bu gün Dövlət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri həm dini icmanın, həm də məscidə gələn qrupun nümayəndələri ilə görüşüblər. Bu sahədə mövcud qanunvericiliyin tələbləri, yaranmış vəziyyətə hüquqi və dini baxımdan real münasibət onların diqqətinə çatdırılıb. Mövcud vəziyyətin müzakirəsindən və aparılmış izahat işindən sonra qərara gəlinib ki, bundan sonra hər hansı məscidin və dini icmanın fəaliyyətinə bu şəkildə müdaxilələrə yol verilməsin. Eyni zamanda, Sumqayıt-Abşeron bölgəsində bəzi məscidlərdə namazlar (xüsusilə, cümə namazları zamanı) yaranan sıxlıq probleminin aradan qaldırılması müzakirə edilmişdir.
Dövlət Komitəsindən bildiriblər ki, hər bir müsəlman dindarın ölkənin hər hansı məscidində sərbəst ibadət etmək hüququ var. Eyni zamanda, "Dini etiqad azadlığı haqında" qanunvericiliyə əsasən, Dövlət Komitəsi tərəfindən qeydə alınan dini icmalar fəaliyyət göstərdikləri məscidlərdə (söhbət konkret olaraq müsəlman dini icmalarından gedir) daxili nizam-intizama görə məsuliyyət daşıdıqları üçün ibadətin, ümumilikdə dini ayinlərin keçiriməsini təşkil edirlər. Həmçinin, məscidlərdə bayram, cümə və vaxt namazları camaat halında QMİ tərəfindən təyin edilmiş imam və axundların rəhbərliyi ilə qılına bilər. Ayrı-ayrı dini qrupların məsciddə bir araya gələrək, dini icmanın tələblərinə məhəl qoymadan və onun daxili nizamnaməsini pozaraq, öz aralarından imam və ya axund seçərək camaat namazı qılmalarına yol verilmir. Çünki bu hal mövcud qanunvericiliyin tələbləri və dindarlar arasında qarşıdurma və ixtilafın yaranmaması, eləcə də məscidlərdə hərc-mərcliyə yol verilməməsi baxımından zəruridir. Bu, müsəlman ölkələrində, bütövlükdə İslam dünyasında qəbul olunmuş tarixi-ənənəvi qaydadır.