Şriftin ölçüsü:
Saytın rəngi:
İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Şamaxı və Qobustan Rayon İcra Hakimiyyətləri (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Şamaxı RİH-nin əməkdaşı Səbuhi Həsənov, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerant mühitdən, multikulturalizm siyasəti və bu sahədə əldə edilən nailiyyətlərdən danışılıb. Eyni zamanda Ümummilli Liderimizin milli-dini dəyərlərimizin qorunmasında, xalqımızın dini əqidəsinin, dini inancının möhkəmləndirilməsində öz fəaliyyəti ilə müstəsna rol oynadığı vurğulanıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisi olduğu da qeyd edilib.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan "Nicat tapanlar" filmi nümayiş etdirilib.
Tədbir müzakirələrlə yekunlaşıb.