Azərbaycanda müxtəlif xalqların nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar və bir-birilərinin mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşırlar.
Bu sözləri AzərTAc-a müsahibəsində mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçısı, Avropa Ravvinləri Konfransının icraçı direktoru, ravvin Moşe Levin deyib.
Bu gün Avropanın bəzi ölkələrində yəhudilərin problemlərlə qarşılaşdıqlarını deyən qonaq Azərbaycanda əsrlər boyu onların, eləcə də digər xalqların nümayəndələrinin rahat, sərbəst yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Ravvin Bakıda mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib, eləcə də tolerantlıq ənənəsinə malik Azərbaycanın təcrübəsindən bəhrələnməyin zəruriliyini qeyd edib.