Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Braziliya Federativ Respublikasında keçirilən G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond, təşkilat rəhbərləri və dövlət nümayəndələri ilə görüşlər keçirib.
G20 Dinlərarası Forumunun prezidenti Kol Durham ilə görüşdə Dövlət Komitəsinin sədri Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında tolerantlıq ənənələrinin və multikultural mühitin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. R.Məmmədov COP29 konfransı çərçivəsində keçiriləcək dini liderlərin sammitində qlobal çağırışların nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə müzakirə olunacağını bildirib. Kol Durham dünyada sülh və əmin-amanlığın, dostluq münasibətlərinin bərqərar olması naminə beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac olduğunu deyərək, Azərbaycanın bu sahədə təşəbbüslərini yüksək qiymətləndirdiyini vurğulayıb.
Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü Ulises Soares ilə görüş zamanı Ramin Məmmədov ölkə rəhbərliyinin Azərbaycanda mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti barədə məlumat verib. U.Soares kilsə üzvlərinin ölkəmizə səfəri zamanı dinlərarası harmoniya mühitinin əyani şahidi olduqlarını, Azərbaycanın tolerantlıq təcrübəsinin yayılmasının önəmini qeyd edib.
Komitə sədri Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə də görüşüb. Görüş zamanı dini ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizədə dini və dünyəvi tərəfdaşlığın rolu müzakirə edilib.
Özbəkistan Prezidentinin müşaviri Muzaffar Kamilov ilə görüşdə din sahəsində dövlət siyasəti ilə bağlı təcrübə mübadiləsi, iki ölkənin müvafiq qurumlarının əməkdaşlığı, birgə tədbirlər haqqında fikir mübadiləsi aparılıb. R.Məmmədov dünyada dini ayrı-seçkiliyə son qoymaq üçün dialoqun önəmini vurğulayıb.
Ramin Məmmədov Stirlinq Fondunun prezidenti Mayls Hansen, Radiant Fondunun icraçı direktoru Ancela Reddinq, Dinlərarası Alyansın vitse-prezidenti Hamad Xatir ilə keçirdiyi görüşlərdə Azərbaycanın zəngin milli-tarixi ənənəyə əsaslanan və beynəlxalq hüquqi normalarla tənzimlənən dövlət-din münasibətləri barədə danışıb. 30 illik işğal dövründə vandalizmə məruz qalmış tarixi-dini abidələr və hazırda onların bərpası istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verib.