Şriftin ölçüsü:

Saytın rəngi:

26.07.2024

Quba və Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

İyulun 24-də korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə “Korrupsiyaya qarşı mübarizə hər birimizin vətəndaşlıq borcudur” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba – Xaçmaz regional bölməsi, Quba Rayon İcra Hakimiyyəti və İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan dəyirmi masada təşkilatçı qurumların nümayəndələri, Quba Regional QHT-nin Resurs və Təlim Mərkəzi İctimai Birliyi və digər vətəndaş cəmiyyəti institutlarının üzvləri, eləcə də dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini də cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna, korrupsiyaya və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir. Qeyd edilib ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə məqsədyönlü tədbirlər həyata keçirilib, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Bu sənədin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir. Çünki neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür və bu səbəbdən də vətəndaşlar sözügedən məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla mübarizədə ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər.

***

İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsinin və Mingəçevir Gənclər Evi sosial xidmət sahəsinin birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda seminar keçirilib.

Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının katibi Elşən Əliyev, Mingəçevir Rayonlararası Narkoloji Dispanserin həkimi Eldar Mustafayev,  Gənclər Evinin əməkdaşı Pənah Kərimov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxış edənlər narkomaniyanın yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə mənbəyi olmasından danışıblar. Bildirilib ki, insanın dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərdən biri olan narkomaniya gənclərimizin gələcəyi üçün real təhlükə yarada bilər. İslam dininin insan sağlamlığına verdiyi əhəmiyyətdən də bəhs edən çıxışçılar bildiriblər ki, narkotik maddələr insan sağlamlığına ciddi zərər verdiyi üçün İslam dinində onların qəbul edilməsi birmənalı olaraq haram buyrulub. İslamda, həmçinin ağıla təsir edən, onu zədələyən və təfəkkürü pozan alkollu içkilər və narkotik maddələrin hər növü qadağan edilib.

Seminar müzakirələrlə yekunlaşıb.