Şriftin ölçüsü:
Saytın rəngi:
Avqustun 29-da Qaxda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, rayon Gənclər və İdman sektorunun müdiri Elvin Həsilov və gənclər iştirak ediblər.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlar və onların təhlükəsi haqqında ətraflı məlumat verilib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığı, respublikamızın dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi qeyd olunub.
Dini ekstremizm, fanatizm və xurafat arasında ciddi fərq olmadığını deyən çıxışçılar bu məfhumların mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğulayıblar.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə ərsəyə gələn “Oxu” sənədli filmi nümayiş etdirilib.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.