Şriftin ölçüsü:
Saytın rəngi:
Oçkavəng Badara kəndi ərazisində yerləşən alban memarlığına aid ikinci tarixi-memarlıq abidəsidir. Əlçatmaz dağlıq ərazidə, sıx bitən nadir ağac növləri arasında, mamırlarla örtülü qayalığın zirvəzində yerləşir. Badara monastırından Oçkavəng monastırına meşəlik ərazi ilə təxminən 7-8 km məsafə vardır.
Oçkavəng monastırındakı kitabədən abidənin ən geci XII-XIII əsrlərdə inşa edildiyi məlum olur. Kitabədə Xaçın knyazının xanımı Arzu xatunun adı qeyd olunmuşdur. Oçkavəng monastırının kilsə binasındakı xaçdaşlarda Xaçın knayzlarının adları qeyd olunmuşdur. Kilsədən aşkar edilmiş kitabədəki yazılar silinərək oxunmaz hala salınsa da, burada Xaçın kanyazlarının və Vaxtanqın xanımı Arzu xatunun adının olmasından kitabədəki yazı fraqmentlərinin XII-XIII əsrlərə aid olduğunu müəyyən etmək mümkün olmuşdur.
Monastır kompleksi kilsə binası, bir neçə xaraba vəziyyətdə olan tikili və qədim qəbiristanlıqdan ibarətdir. Tağtavanlı örtüyə malik birnefli bazilika olan kilsə binası daha yaxşı qalmışdır.
Kilsənin ibadət zalının şimal tərəfində iki köməkçi otaq yerləşir. Kilsənin giriş qapısı qərb divarında yerləşir. Şərq divarında iki, şimal divarında isə bir pəncərə yeri vardır. Kilsə divarlarında dörd niş vardır.
Badara kəndinin digər abidələri kimi Oçkavəng monastırının kilsə binası da əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yonulmamış kobud daşlardan inşa edilmişdir.