Şriftin ölçüsü:
Saytın rəngi:
Xocavənd rayonunun Çörəkli kəndində daha bir alban məbədi Müqəddəs Tanrı ana kilsəsi yerləşir. Kilsə Çörəkli kəndinin düz mərkəzində, məktəb binasının yanında yerləşir. Bu tarixi-memarlıq abidəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirilyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsədə inşaat kitabəsi aşkarlanmasa da ərazisindəki zəngin dekorlu dörd xaçdaş üzərindəki
tarix kilsənin artıq XII əsrdə fəaliyyət göstərdiyini soyləməyə imkan verir. Kilsə XVI-XVII əsrlərdə
daha qədim dini kompleksin yerində inşa edilmişdir. Birnefli bazilika formasına malik tikili tağtavanlı dama malikdir. Planda düzbucaqlı formaya malik kilsənin ölçüləri 12.6x6 metrdir. İnşasında yaxşı yonulmuş yerli daşlardan istifadə edilmişdir.
Apsidanın hər iki tərəfində köməkçi otaqlar vardır. Kilsənin əsas girişi cənub tərəfdəndir. Buna baxmayaraq, şimal divarında da giriş qapısı olmuş, lakin, sonrakı dövrdə həmin qapı hörülərək qapadılmışdır. Ehtimal ki, şimal qapısı vasitəsi ilə kilsə şimal tərəfdə yerləşən məqbərə-sovmə və ya hansısa digər tikili ilə əlaqələndirilmişdir. Kilsənin iki tərəfli damı divarönü pilonlar üzərində dayanan tağlarla saxlanılır.