Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi.
- Mübariz müəllim, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü qeyd olunacaq. Ümumxalq partiyası adını qazanan bu siyasi təşkilat hansı zərurətdən yarandı?
- YAP Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan partiyadır. Faktiki olaraq YAP ümumxalq partiyasıdır. Cəmiyyətimizin avanqard hissəsi YAP-da birləşib. Partiya Azərbaycanın çətin və böhranlı bir dövründə yaranıb. Hakim Partiyanın tarixi Azərbaycan ictimaiyyətinə bəllidir. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında çox mühüm vəzifələr dayanırdı. Birinci növbədə, biz Azərbaycanımızın müstəqilliyini, dönməzliyini təmin etməli idik. İkincisi, dağılmış Sovetlər İttifaqının söykəndiyi sosial-iqtisadi sistemdən yeni sistemə keçidi həll etməli idi. Üçüncüsü, müstəqil dövlətin quruculuğu ilə əlaqədar əsaslı addımlar atılmalı idi. Bütün bunları həll etmək üçün ideoloji baza, siyasi lider, eyni zamanda bu vəzifələrin uğurla başa çatdırılması üçün kadrlar lazım idi. Aydındır ki, belə mühüm, ümummilli vəzifəni həll etməyə qadir lider, xalqın böyük sevgisini qazanan şəxsiyyət olmalı idi. Həmin dövrdə Azərbaycan xalqının hətta deyərdim ki, bəxti onda gətirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bu missiyanı yerinə yetirdi. Belə bir liderimizin həmin böhranlı dövrdə siyasi arenada olması və bu missiyanı öz üzərinə götürməsi tarixi hadisə idi.
YAP tarixi bir vəzifəni, missiyanı yerinə yetirmək zərurətindən meydana gəlmişdir. Partiyanın, xalqımızın lideri və o dövrdə ölkəni böhrandan çıxarmağa qadir olan şəxsiyyət Ulu Öndər Heydər Əliyevin belə bir siyasi təşkilatı yaratması həmin dövrün, zamanın tələbi idi. Həyat göstərdi ki, məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı YAP, millətin qarşısında duran bu tarixi vəzifəni yerinə yetirməyə qadir olan bir Partiya kimi özünü göstərdi. Beləcə, hakim Partiya tarixi sınaqdan çıxdı. YAP yarandıqdan sonra ümummilli vəzifələrin həyata keçirilməsi üçün ciddi səylər ortaya qoyuldu. Az zaman içərisində xalqın böyük dəstəyi ilə Partiya iqtidara gəldi. Ümummilli Lider xalqı öz ətrafında birləşdirərək YAP-ın kadrları, o cümlədən xalqın bütün təbəqələrinin dəstəyi ilə milli müstəqilliyimizin dönməzliyini təmin etdi, Azərbaycanın sosial-iqtisadi inkişaf modelini müəyyənləşdirdi, ilk dəfə olaraq xalqımızın müstəqil dövlət olaraq Konstitusiyası qəbul edildi, dövlət idarəçilik forması müəyyənləşdirildi, ictimai mülkiyyətdən liberal iqtisadiyyata keçid həyata keçirildi. Əlbəttə ki, bütün bunlar qarşıda duran vəzifələr idi. Tarixi zərurət, şərait, ölkənin qarşısında duran vəzifələr YAP-ı yaratdı. Hakim Partiya Ümummlli Liderin ideyasının məhsulu idi. Bu Partiya inkişaf edərək bugünkü səviyyəsinə çatıb. Bu gün YAP cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən olunmuş o fundamental prinsiplərə söykənərək yeni, ümummilli vəzifələri həyata keçirməkdədir.
- Ulu Öndər Heydər Əliyevin varislik prinsipi ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin timsalında ümumxalq maraqların tam ifadəçisi kimi yerinə yetirildiyini demək olar?
- Yeni Azərbaycan Partiyasının söykəndiyi prinsiplər var. Bu prinsiplər içərisində Azərbaycançılıq, vətəndaş həmrəyliyi, varislik, demokratiya və digər prinsiplər var ki, bu prinsiplərin hər biri bu gün Azərbaycan dövlətçiliyinin təməl prinsipi sayılır. Bu prinsiplər içərisində qanunçuluq, qanunun aliliyi və s. var. Bütün bunlar Azərbaycan xalqının istək və arzularını ifadə edən prinsiplərdir. Partiyanın proqramında öz əksini tapmış Azərbaycançılıq prinsipi faktiki olaraq Azərbaycanın dövlət ideologiyasıdır. Müstəqil dövlətimizin dövlət ideologiyasının təməl prinsiplərindən biridir. Bu gün Azərbaycançılıq yalnız Şimalda müstəqilliyini bərpa etmiş olan azərbaycanlıların yox, 50 milyondan çox azərbaycanlıları birləşdirən, onları vahid bir ideya ətrafında mübarizəyə səsləyən azərbaycanlılar, müstəqil Azərbaycan naminə fəaliyyətə sövq edən bir ideya, ideologiyadır. YAP-ın söykəndiyi prinsiplərdən biri də varislik prinsipidir. Varislik prinsipi çox əhəmiyyət kəsb edir. Bəs bu prinsipin qayəsində nə dayanır. Burada hakimiyyətin fiziki olaraq bir şəxsdən digərinə verilməsi deyil, varislik Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi bir prinsip olaraq dövlət idarəçilik modelinin, ideologiyasının, eləcə də dövlət idarəçiliyində müəyyən olunmuş siyasi kursun davam etdirilməsidir. Burada siyasətin varisliyindən söhbət gedir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda Prezidentliyi dövrü (1993-2003) həm daxili, xarici siyasət, həm də dövlət idarəçiliyi, ölkədə vətəndaş həmrəyliyi, dövlət və vətəndaş münasibətləri, Azərbaycan xalqının qarşısında duran vəzifələr və s. hamısı konseptual, mühüm şəkildə müəyyən olunmuş bir siyasi toplum, xəttdir. Bu siyasi xətt bu gün davam etdirilir. Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyev yolunun siyasi varisidir, davamçısıdır. Bu siyasi varislik prinsipi növbəti mərhələdə də davam etdiriləcək. Ulu Öndərin müəyyən etdiyi yol, prinsiplər nə qədər Azərbaycan mövcuddursa bu prinsiplər də qalacaq. Bu prinsiplər zamana uyğun olaraq müəyyən keyfiyyət dəyişikliyinə məruz qala və onun üzərinə hansısa yeniliklər gətirilə bilər. Amma onun nüvəsi qalacaq. Bu nüvə Azərbaycançılıq, vətənsevərlik, milli həmrəylik, vətəndaş sülhüdür, siyasi varislikdir, qanunçuluqdur. Bütün bunlar dəyişməz olaraq davam edəcək. Ona görə də biz bu gün birmənalı şəkildə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər varislik sisteminə uyğun olaraq çox uğurla və qətiyyətlə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
- Azərbaycanın müasir siyasi sisteminin əsasını qoyan YAP 2015-ci il 1 noyabrda Azərbaycan Respublikasında Milli Məclisə keçirilən seçkilərdə növbəti tarixi zəfərini qazandı. Bu Partiyanın qələbələrini şərtləndirən əsas amil nədir?
- Yeni Azərbaycan Partiyası 1993-cü ildən prezident, parlament və bələdiyyə seçkilərdə iştirak edir. Partiya 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin prezident seçkilərinə qatılmaqla, onun seçki kampaniyasının həyata keçirilməsində fəal iştirak etməklə böyük təcrübə qazandı. Sonrakı mərhələlərdə isə YAP prezident, parlament və bələdiyyə seçkilərdə çox ciddi uğurlar əldə edərək, eyni zamanda dünya seçki təcrübəsinin ən yaxşı nümunələrini əxz edərək onları Azərbaycan şəraitində daha səmərəli şəkildə tətbiq edə bildi. Ona görə də hakim Partiyanın qələbəsini şərtləndirən amillərdən danışanda əlbəttə, burada birinci yerdə bu Partiyanın Ümummilli Lider Heydər Əliyev ideyalarına söykənməsidir. İkincisi, bu Partiyanın hazırki şəraitdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək səviyyəyə çatdırılması və onun həyata keçirdiyi siyasətin uğurlarıdır. Digər səbəb Azərbaycan cəmiyyətinin ən intellektual, aparıcı hissəsinin bu Partiyanın sıralarında cəmlənməsidir. Eyni zamanda, YAP-ın coğrafi baxımından Azərbaycan ərazisində geniş şəkildə təşkilatlanmasıdır. Bu gün hakim Partiyanın 720 mindən çox üzvü var. Belə bir gücə malik olan Partiyanın seçkilərdə uğur qazanması aksiomdur. Bununla belə, Partiyanın uğurlarından biri YAP-ın yerli strukturları ilə İcra katibliyi arasında sıx əlaqələrin və müəyyən mənada ideal idarəçilik sisteminin yaradılması, dövlət idarəçiliyində çalışan partiya üzvlərinin fəaliyyətinin yüksək səviyyədə olmasıdı, xalqla hakimiyyətin vəhdətidir, eləcə də Prezident İlham Əliyevin siyasətinə, onun şəxsiyyətinə Azərbaycan xalqının böyük rəğbətidir. YAP-ın namizədlərinin şəxs, siyasətçi olaraq irəli sürüldükləri dairələrdə əhali tərəfindən müdafiə edilməsidir. Bütün bunlar YAP-ın seçkilərdə uğurunun göstəriciləridir. Hesab edirəm ki, növbəti mərhələlərdə də hakim Partiya istənilən seçkiyə qatılaraq böyük uğur qazanmaq iqtidarına malik bir Partiyadır.
- Son olaraq, 2016-cı il yanvarın 11-də “Səs” qəzetinin yaranmasının 25 illiyi qeyd olunacaq. “Səs” qəzetinin milli şüurun formalaşmasında, Ulu Öndər Heydər Əliyev ideyalarının insanlara çatdırılmasında rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan mətbuatı içərisində “Səs” qəzeti müsbət mənada qocaman mətbuat sayılır. Biz müstəqillik illərinə qədəm qoyduğumuz dövrdə mətbuat nümunələrimizi saf-çürük etsək, onları təhsil etsək “Səs” qəzeti müstəqillik illərimizin qocaman mətbuatlarından sayılır. Əlbəttə ki, Azərbaycan mətbuatının tarixi çox böyükdür. Buna misal olaraq, XIX əsrdən başlayaraq Azərbaycanda mətbuatın yaranmasını, “Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabi məktəbini, Sovet dövründə Azərbaycan mətbuatını, eləcə də müstəqillik illərində yaranan mətbuat nümunələrini və s. göstərə bilərik. Əlbəttə ki, indi çoxsaylı qəzetlər, internet saytları, televiziyalar, radiolar var. Amma müstəqillik ərəfəsində yaranan mətbuat nümunələrindən “Səs” qəzeti Azərbaycan tarixində özünəməxsus yer tutan qəzetlərdən biridir. “Səs” qəzeti Azərbaycanın müstəqilliyi ilə həmyaşıd olan, müstəqilliymizlə birgə addımlayan qəzetlərdən sayılır. Biz hələ Müstəqillik Aktını qəbul etməmişdən öncə “Səs” qəzeti meydana gəlib və müstəqillik illərində “Səs” qəzeti tariximizin salnaməsini yaradan qəzetlərdən biridir. Bu qəzet 1990-cı illərin əvvəllərində Azərbaycan mətbuatı içərisində sayılıb-seçilən mətbuat nümunələrindən biri kimi yaddaşlara hopmuşdu. O dövrdə “Səs” qəzetinin tirajı 30-40 minə qədər idi. Köşklərdə belə “Səs” qəzetini tapmaq mümkün deyildi. Bu bir həqiqətdir. İndiki qəzet, mətbuat bolluğunda bu tiraj əlbəttə çox böyük görünür. Çünki qəzetlərin heç biri bu tiraj səviyyəsində deyil. Bu da təbiidir. İnformasiya mübadiləsinin sürətlənməsi qəzet çap məmulatlarına tələbatı bir qədər azaldıb. Amma bütün bunlara baxmayaraq, “Səs” qəzeti yenə də Azərbaycan mətbuatında öz səsini gur şəkildə eşitdirməkdədir. Ümummilli Lider Heydər Əliyevin bötüvlükdə müstəqillik ərəfəsində, illərində gördüyü işlərin təşviq və təbliğində “Səs” qəzeti müstəsna rol oynayıb. Qəzet zamanında Ulu Öndərin hələ siyasi hakimiyyətə qayıdışından əvvəl Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi dövrdə Bakıda həm o dövrkü siyasi hakimiyyətin səhvləri ilə əlaqədar, həm də ümummilli vəzifələrlə, Naxçıvanda görülən işlərlə əlaqədar, Ermənistanın təcavüzü və onun qarşısının alınması ilə bağlı söylədiyi dəyərli, qətiyyətli fikirləri “Səs” qəzeti ictimai rəyə ilk çatdıran qəzetlərdən biri olub. Ona görə də bu qəzet YAP-ın ayrılmaz bir tərkib hissəsi olan mətbu orqanlardan biridir. Qəzet Ümummilli Lider Heydər Əliyevin ideyalarını yayan qəzetlərdəndir. “Səs” qəzeti eyni zamanda Azərbaycan mətbuat tarixinə iz qoyan qəzetlərdən biridir.
“Səs”in bu fəaliyyətində qəzetin kollektivi əvəzsiz rol oynayıb. Hələ də qəzetdə onun yaranmasından indiyədək fəaliyyət göstərən veteran “Səs”çilər var. Mən onları öncədən təbrik edirəm. Qəzetin o dövrdə baş redaktoru olmuş Ağabəy Əsgərovun rolunu burada xüsusi qeyd etmək istərdim. Ulu Öndər qvardiyasının ən sayılıb-seçilən nümayəndələri “Səs” qəzetindən bir tribuna kimi istifadə ediblər. Təsadüfi deyildir ki, Ümummilli Liderə 91-lərin çağırışı “Səs” qəzetində ilk dəfə işıq üzü görüb. Eləcə də Ulu Öndər Heydər Əliyevin 91-lərə cavabı burada işıq üzü görüb. “Səs” qəzeti səsini hər yerə çatdırmağa qadir olan mətbuat orqanlarından biridir”.