Şriftin ölçüsü:

Saytın rəngi:

15.01.2015

Mübariz Qurbanlı: "Azərbaycanda sinaqoqlara qarşı istənilən terror təhlükəsinin olması ehtimalı sıfıra bərabərdir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə radikal terrorçular tərəfindən yəhudi sinaqoqlarına mümkün hücum təhlükəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. M.Qurbanlı APA-ya  eksklüziv açıqlamasında bildirib ki, Azərbaycanda digər dini məbədlərlə yanaşı, yəhudi sinaqoqlarına da hansısa bir təhlükə yoxdur.O qeyd edib ki, Azərbaycanda sinaqoqlara qarşı istənilən terror təhlükəsinin olması ehtimalı sıfıra bərabərdir: “Bizim hüquq-mühafizə orqanlarımız da kifayət qədər səriştəlidir və Azərbaycanda ictimai asayişin, dövlətə məxsus binaların qorunduğu kimi kilsələrin, məscidlərin, sinaqoqların qorunması da yüksək səviyyədə təşkil olunur. Ona görə də mən bizim ölkədə yəhudilərə məxsus dini sinaqoqlara qarşı terrorun, təxribatın, hansısa fitnənin törədilməsi ehtimalına o qədər də inanmıram. İnanmıram ki, Azərbaycanda kimsə buna cəhd eləsin. Çünki bilirlər ki, belə cəhdin qarşısı dərhal alınacaq”.Qeyd edək ki, İsrail mediası “İŞİD” terrorçuları tərəfindən mümkün hücum təhlükəsinə qarşı Azərbaycanda inzibati və sənaye obyektlərinin, eləcə də sinaqoqların mühafizəsinin gücləndirildiyi barədə xəbər yayıb. Təhlükəsizlik tədbirlərinin “İŞİD”in “daxili işlər naziri” Vahid Xudayar Əhmədin Azərbaycana qarşı terror çağırışı ilə əlaqədar olduğu bildirilir.