Şriftin ölçüsü:
Saytın rəngi:
Katarovəng məbədi Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında yerləşir. Katarovəng monastırının yerləşdiyi ərazi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən 1992-ci il oktyabrın 2-də işğal edilmiş, 2020-cı ildə işğaldan azad edilmişdir.
Bu tarixi-memarlıq abidəsi Qarabağ silsiləsinin cənub-şərqində Ziyarət dağının zirvəsində, dəniz səviyyəsindən 2150 metr hündürlükdə yerləşir. Ziyarət dağının adı alban tarixçisi Kalankatuklunun “Alban tarixi” əsərində Dizaypat kimi çəkilir. Dizaypat dağı və bu dağda olan Kataro vəngi Alban salnaməsində V əsrdən gec olmayaraq baş verən hadisələrlə bağlı yad olunur. Müəllif yazır ki, Dizaypat dağında yerləşən Kataro vəngindəki sovmə düşmənlər tərəfindən hələ Abbasın Albaniya ölkəsinin katolikosluğuna seçilməsindən (596-ci il M.P.) qabaq yandırılmışdır (KalankatukluI k.II, f.34).
Kalankatuklu Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, onun xristianlığı təbliğ etməsi massaget çarı Sanesanın (Sanatürk) xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir (Kalankatuklu, Ik.X f). Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə müqəddəsin cəsədini götürərək Alban katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Sanesan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır (Kalankatuklu, IIk. f. XIV) Təqib olunanlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətinə sığınırlar. Çar Sanesanın oğlanları Dizaypat dağında gizlənib, özlərinə yurd saldılar. Qardaşlarla birlikdə burada 3870 kişi də vardı. Onlar hamısı Dizaypatda yaşayırdı. Lakin qaçqınları izləyən massaget ordusu Sanesanın rəhbərliyində Haband vilayətinə kimi irəliləyərək qaçqınların gizləndiyi Katarovəng monastırını oda verir (Kalankatuklu, II. V f).
Monastırın adı mənbələrdə Qafqaz Albaniyasında IV-VI əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir. Monastırın qədim tikililərindən heç biri dövrümüzə çatmamışdır. Tədqiqatçıların fikrincə, hətta XVII əsrə aid kilsənin tikintisi belə qədim tikililərin təməlində inşa edilməmişdir. Ziyarət dağı bütün dövrlərdə yerli əhalinin ibadətgah yeri olmuşdur və XX əsrə qədər də dini mənsubiyyətindən asılı olmayaraq həm xristian, həm də müəsəlman əhalinin qədm inanc yeri olaraq qalmaqda idi (Ямпольский, 1962, s. 92
Ziyarət dağı yaxınlığındakı Soltan bulağı yanında insan fiqurlu daş heykəl də 1992-ci ilədək yerli əhalinin ziyarət yeri olmuşdur. Ziyarət dağı ilə bağlı yazılır ki, bu dağın zirvəsində xristianlıqdan əvvəlki dövrə aid məbədlərin xarabalıqları var.
Son bərpa dövrü XVII əsrə aid olan Katarovəng kilsə binası planda düzbucaqlı formaya malik, ikitərəfli damla örtülmüş birnefli bazilika idi. Tikilinin inşasında əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud yonulmuş yerli daşlardan istifadə edilmişdi. Şimal divarı yarıya qədər yerin altında idi, cənub divarı isə çılpaq qaya üzərində tikilmişdi.
1992-2020-ci il illərdə Katoravəng məbədinin yerləşdiyi Çaylaqqala, Tağlar kəndləri ərazilərinin işğal altında olduğu dövrdə Azərbaycanın Qarabağ bölgəsinin bütün alban abidələri kimi, Ziyarət dağında inşa edilən Katoravəng məbədinin də ilkin görkəmi məhv edilmişir. Kilsə bütün dekor elementlərindən məhrum edilib. 2015-2016-cı illərdə ermənilər tərəfindən bu qədim alban kilsəsində qanunsuz təmir işləri aparılmış, dam örtüyü tamamilə yeni və müasir materiallarla qurulmuşdur. Abidə ermənilər tərəfindən erməni kilsəsi kimi təqdim edilmişdir.