Şriftin ölçüsü:

Saytın rəngi:

23.08.2024

İmişlidə “Şuşa - İslam mədəniyyətinin paytaxtıdır” mövzusunda tədbir keçirilib

Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və İmişli rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa - İslam mədəniyyətinin paytaxtıdır” mövzusunda tədbir keçirilib.

Keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli sektorunun baş məsləhətçisi Ramin Fərəcov, İmişli Rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, İmişli rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlardan əvvəl torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi dini abidələri, alimləri ilə əhəmiyyətli rol oynamış Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin heç də təsadüfi olmadığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışlar zamanı bildirilib ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün isə artıq işğaldan azad edilmiş Şuşanın yenidən dirçəlməsi üçün möhtəşəm işlər görülür.