Şriftin ölçüsü:

Saytın rəngi:

18.12.2024

ICESCO-nun Peyğəmbər və İslam Sivilizasiyası Muzeyi ziyarət olunub

“Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi” mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçıları dekabrın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mərakeşin paytaxtı Rabatdakı qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı nümayəndə heyətinə muzey haqqında məlumat verilib. Qeyd edilib ki, Peyğəmbər və İslam Sivilizasiyası Muzeyi İslamın tarixi, mədəniyyəti və fəlsəfəsi barədə dərin məlumatlar təqdim edən mühüm mədəniyyət obyektidir. Muzeydə İslam dünyasının müxtəlif dövrlərinə və regionlarına aid sənət əsərləri, tarixi əşyalar, kitab və digər eksponatlar nümayiş olunur.

Ziyarət çərçivəsində, iştirakçılar muzeyin müxtəlif bölmələrini gəzərək İslam mədəniyyətinin dərin irsini və onun dünya tarixindəki yerini nümayiş etdirən eksponatlarla tanış olublar.

Qeyd edək ki, Peyğəmbər və İslam Sivilizasiyası Muzeyi 2022-ci ildə fəaliyyətə başlayıb. Sərgi və muzey üç əsas komponentdən ibarətdir. Birinci komponent Peyğəmbərin tərcümeyi-halı haqqında eksponatları ehtiva edir. İkinci komponent tarixdə ilk dəfə olaraq 3D təsvir və virtual reallıqdan istifadə etməklə Peyğəmbər otağının təsvirini təqdim edir. Üçüncü komponent olan “Mərakeşlilərin məhəbbət və sədaqət rəmzi olan Peyğəmbəri-Əkrəmə bağlılıq sərgisi”ndə tarixi əlyazmalar, nadir rəsmlər və sikkələr, Mərakeş memarlığının maketləri, bəzək və yazılar, ənənəvi alətlərdən ibarət xəzinələr təqdim olunur.