DQİDK sədri III Bakı Beynəlxalq Humanitar Forumunda məruzə ilə çıxış edib
Bu gün Bakıda dünyanın 100 dən çox ölkəsindən olan qonaqların iştirakı keçirilən III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” adı dəyirmi masa təşkil olunub. Dəyirimi masada ilk olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun “Azərbaycanda sosial birliyin unikal modeli: dini tolerantlıq sosial kapital kimi” mövzusunda məruzəsi dinlənilib.
Dövlət Komitəsinin sədri ilk olaraq Forumum açılışında Prezident İlham Əliyevin “Biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik, pessimist ssenarilərdən istifadə etməməliyik” fikirlərini diqqətə çatdıraraq qeyd edib ki, əgər dünyada beynəlxalq səviyyədə siyasi iradə olarsa Azərbaycan modeli dünyada multukulturalizm müsbət meyllərinin gücləndirilməsi üçün istifadə oluna bilər. Məruzəsində dünyada, xüsusən də Avropada çoxmədəniyyətli cəmiyyətlərdə kəskin problemlərin olduğuna diqqət çəkərək E. İskəndərov Azərbaycanın unikal tolerantlıq modelinin nümunə kimi tətbiq edilməsinin zəruriliyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri cəmiyyətlərdə mövcud olan dözümlülüyün dörd əsas konsepsiyasını dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, cəmiyyətlərdə mövcud olan münaqişələrin qarşısının alınması üçün qrupların öz maraqlarını önə çıxarması və azlıqda olanın çoxluq təşkil edənə məcburi güzəştə getməsi, tolerantlıq və dözümlülükdən qismən istifadə kimi hallar tolerantlığın Azərbaycana modelinə aid deyil. Eyni zamanda fərdlər və qruplar arasında hörməti nəzərdə tutan qarşılıqlı etiraf konsepsiyasının qismən Azərbaycanda mövcud olduğunu bildirən E. İskəndərov ölkəmiz üçün xüsusi xarakterik olan qiymətləndirmə konsepsiyası haqqında dəyirmi masa iştirakçılarına məlumat verib. E. İskəndərov bildirib ki, bu digərlərinə yalnız etik baxımından hörmət deyil, həm də yüksək qiymətləndirməni nəzərdə tutur. Bu isə ən çətin hallardan biridir. Yəni digərinin inancına qarşı yüksək sayğı ilə yanaşı onu qəbul etmək və qarşılıqlı yardımlaşma cəmiyyətdə yaxşı bir həyat üçün dəyərli töhfə kimi qəbul edilir. “Bu xüsusiyyət Azərbaycan üçün xarakterikdir. Məsələn, burada müxtəlif məzhəblər biri-birilərinə ibadət evlərini güzəştə gedir, birlikdə ibadət edir, ayrı-ayrı dinlərin nümayəndələri bir-biri ilə qarşılıqlı hörmət əsasında əlaqələr qurur, birgə fəaliyyət göstərirlər. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada antisemitizm ümumiyyətlə yoxdur, sıfır səviyyəsindədir. Təbii ki, bu Azərbaycanın ən böyük sərvətdir.”
Dövlət Komitəsinin sədri son bir ildə DQİDK təşəbbüsü ilə dini icmaların sosial layihələrinə dəstək proqramının həyata keçirildiyini diqqətə çatdıraraq qeyd edib ki, bu cəmiyyətdə icmaların daha sıx təmasının möhkəmlənməsi, o cümlədən cəmiyyətə daha yaxın inteqrasiyasını təmin etmiş olur. E. İskəndərov mövcud modelin tarixi köklərə söykəndiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb, qeyd edib ki, tarixən Azərbaycanda dözümlülük dəyərləri milli mədəniyyətin tərkib hissəsi olmuş və ənənə halını almışdır. O cümlədən də bu gün dövlətin bu sahədə gördüyü işlər müsbət pozitivlik nümunələri üzərindən həyata keçirilir. Bu baxımdan, Azərbaycan hökuməti dini icmalara dəstək verərək müsbət dünyəvilik modeli qurub.